Bank Of Baku

Rusiyada akkreditə olunmuş jurnalistlər və Azərbaycanın media təmsilçiləri Qəbələ RLS-in fəaliyyəti ilə tanış olublar

Rusiyada akkreditə olunmuş jurnalistlər və Azərbaycanın media təmsilçiləri Qəbələ RLS-in fəaliyyəti ilə tanış olublar
# 02 iyul 2007 08:31 (UTC +04:00)
APA-nın jurnalist heyətinin tərkibində olan xüsusi müxbirinin məlumatına görə, Rusiya Kosmik Qoşunları Komandanlığının nümayəndəsi, general-mayor Aleksandr Yakuşin keçirdiyi mətbuat konfransında jurnalistlərə Qəbələ RLS-in fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, “Qəbələ” radiolokasiya stansiyasının sahəsinin 2600 hektardan çox olduğunu diqqətə çatdıran general bu ərazidə hospital, uşaq bağçası və orta məktəbin fəaliyyət göstərdiyini söyləyib: “Müqaviləyə uyğun olaraq xidməti personalın sayı 1500 nəfərdən çox ola bilməz. Hazırda burada 1000 nəfərə yaxın hərbçi çalışır. Onların hamısı Rusiya vətəndaşlarıdır. Burada çalışan azərbaycanlı hərbçilər də Rusiya vətəndaşlarıdır. RLS-də Rusiya vətəndaşı olan ermənilərin çalışması barədə məlumat isə doğru deyil”. A. Yakuşin bildirib ki, Azərbaycan 2002-ci ildə bağlanmış ikitərəfli müqaviləyə əsasən, Qəbələ radiolokasiya stansiyasını 10 il müddətinə Rusiyaya icarəyə verib. Həmin ildən “Daryal” Analitik-İnformasiya Mərkəzi (AİM) adlanan obyektə görə Rusiya hər il Azərbaycana 7 milyon dollar (10 il ərzində 70 milyon dollar) verməlidir. Bundan əlavə, 1997-2002-ci illərdə obyektdən istifadə etdiyinə görə Rusiya Azərbaycana 31 milyon dollar (hər ilə 6 milyon 200 min dollar) ödəməlidir. Ödəmə ildə iki dəfə - iyul və dekabr aylarında həyata keçirilir. Ortaya çıxan problemləri dərhal həll etmək üçün hər iki ölkənin hökumətləri tərəfindən səlahiyyətli nümayəndələr təyin olunub. A. Yakuşin qeyd edib ki, Qəbələ RLS-in ərazisində bir-birindən 800 metr məsafədə ötürücü qurğular yerləşir: “Burada 3 böyük obyekt var: Ötürücü Radiotexniki Mərkəz, Qəbul Mərkəzi və Enerji-Mexaniki Mərkəzi. “Daryal” Analitik İnformasiya Mərkəzi kosmik məkanda fasiləsiz nəzarəti həyata keçirir, raketlərin parametrlərini təyin edir və müvafiq məlumatları aidiyyəti yerlərə çatdırır. İran-İraq müharibəsi zamanı “Daryal” 150 “Skad” tipli raketin buraxıldığını qeydə almışdı. Bu ilin yanvar ayında isə RLS İranın Həmədan poliqonundan “Şahab-3” tipli raketin buraxıldığını qeydə alıb. Müəyyən hərbi-siyasi qərar olarsa, stansiya daha da müasirləşdirilə bilər”. A. Yakuşin “Qəbələ RLS raketlərin uçuşunun qarşısını ala bilərmi?” sualına, eləcə də obyektin potensialı ilə bağlı sorğuya cavab verməkdən imtina edib. Generalın sözlərinə görə, Qəbələ RLS-də xidmət edən hərbçilərlə 3-5 illik müqavilə bağlanır. Onların maaşı Rusiyanın digər hərbi birləşmələrində xidmət edən hərbçilərin əmək haqqından çoxdur. Burada 1 aylıq xidmət 1,5 ay əmək stajı sayılır. Hərbçilər ildə 2 dəfə tibbi müayinədən keçirlər. O, Qəbələ RLS-in 1985-ci ildə fəaliyyətə başladığını, uçan obyektlərin 6000 kilometr ərazidə hərəkətinə nəzarət etmək imkanı olduğunu bildirib: “Buradan Yaxın və Orta Şərqi, Ərəbistan dənizini və Hind okeanını nəzarət altında saxlamaq mümkündür. Hər hansı siyasi qərar verilərsə, obyekt qarşısına qoyulan vəzifələri yerinə yetirməyə hazırdır və döyüş qabiliyyətlidir. Bu vəzifələri yerinə yetirməklə bağlı heç bir texniki problem yoxdur. Qəbələ RLS beynəlxalq standartlara cavab verir”. A. Yakuşin Azərbaycan ekoloqlarının Qəbələ RLS-in ətraf mühitə mənfi təsiri ilə bağlı iradlarının əsassız olduğunu deyib: “Bu obyekt atom enerjisi ilə deyil, elektrik enerjisi ilə işləyir. Burada vaxtaşırı monitorinqlər keçirilir və RLS-in ətraf mühitə mənfi təsirinə dair faktlar qeydə alınmayıb”. Bununla belə, yerli sakinlər jurnalistlərlə söhbətdə bildiriblər ki, Qəbələ RLS həftənin çərşənbə axşamı və cümə günləri tam gücü ilə işləyir: “Bu səbəbdən biz həmin günlər özümüzü çox pis hiss edirik, görmə və qidalanmada problemlər yaranır”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR