Bank Of Baku

Qəbələ RLS-dən reportaj

Qəbələ RLS-dən reportaj
# 02 iyul 2007 12:28 (UTC +04:00)
Moskvanın bu stansiyadan Vaşinqtonla birgə istifadə təklifi günün reallıqlarından qaynaqlanır. ABŞ bu təklifi müxtəlif cür dəyərləndirib. “Putinin maraqlı gedişi”, “Rusiyanın İrandan gözlənilən təhlükəni etiraf etməsi”, “Moskvanın vaxt uduşu” və s. kimi dəyərləndirmələr ABŞ rəsmilərinin Putinin təklifinə ilkin reaksiyasıdır. Sonralar Pentaqon Qəbələ radiolokasiya stansiyasının texniki göstəricilərini şübhə altına almaqla bu stansiyanın qapılarının bəlkə də ilk dəfə media nümayəndələri üçün açıb. Rusiya Müdafiə Nazirliyinin media nümayəndələri üçün Qəbələ radiolokasiya stansiyasına səfər təşkil etməsi ilk növbədə texniki göstəricilərlə bağlı Pentaqonun şübhələrini alt-üst etmək məqsədi daşıyıb. Moskva öz istəyinə nə dərəcədə nail olub? Bu sualın cavabını Qəbələyə səfər edən media nümayəndələrinin reaksiyası nəticəsində müəyyənləşdiriləcək.

2002-ci ildə prezidentlər Heydər Əliyev və Vladimir Putin arasında imzalanan sazişə əsasən Rusiya Qəbələ radiolokasiya stansiyasını 10 il müddətinə icarəyə götürüb. Sazişə əsasən, Rusiya icarə haqqı olaraq Azərbaycana hər il 7 milyon dollar ödəməlidir. Ödəmə ildə iki dəfə həyata keçirilir. Stansiyanın istifadəsinə dair uzun müddət iki dövlət arasında anlaşma əldə oluna bilməyib və bütün mübahisəli məsələlər, o cümlədən icarə haqqının müəyyənləşməsi məsələsi yalnız 2002-ci ildə öz həllini tapıb. Əldə olunan razılaşmaya əsasən Rusiya 1997-2002-ci illərdə Qəbələ radiolokasiya stansiyasından istifadəyə görə Azərbaycana 30 milyon dollar ödəyib.

Rəsmi məlumatlarda adı “Daryal” Analitik-İnformasiya Mərkəzi kimi keçən bu stansiya yaşıllıqlara bürünmüş Qəbələnin istirahət zonalarından bir qədər kənarda yerləşir. Kiçik evlərin fonunda nəhəng əjdahanı xatırladan bu stansiya 260 hektar ərazini “zəbt edib”. Rusiyanın icarəyə götürdüyü bu stansiyanın ərazisində uşaq bağçası, yataqxana, hospital, mağazalar, istirahət mərkəzləri, su hovuzları yerləşir, burada xidmət keçən hərbçilər üçün hər cür şərait yaradılıb. Sazişə əsasən, Rusiya bu hərbi obyektdə 1500-dən artıq hərbçi saxlaya bilməz, amma Moskva Qəbələ radiolokasiya stansiyasında heç bu qədər də hərbçi saxlamağa ehtiyac görmür. Hazırda stansiyada mindən bir qədər artıq hərbçi xidmət keçir. Onların arasında Rusiya vətəndaşı olan və bu ölkənin ordusunda qulluq edən azərbaycanlılar da var. Zaman-zaman Azərbaycan mətbuatında Qəbələ radiolokasiya stansiyasında erməni zabitlərin xidmət keçməsi barədə məlumatlar yazılıb, lakin Rusiya tərəfi bu xəbərləri təkzib edir. Sualla müraciət etdiyimiz Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Yuri Xvedkin stansiyada milliyyətcə erməni olan Rusiya vətəndaşlarının xidmət keçmədiyini bildirdi və bu məsələyə ümumiyyətlə əhəmiyyət verməməyi məsləhət gördü.

İlk baxışdan Qəbələ rayonu ilə eyni adlı radiolokasiya stansiyası arasında hər hansı qarşılıqlı əlaqə hiss olunmur. Qəbələ sakinləri digər rayonların sakinləri kimi kənd təsərrüfatı ilə məşğul olur, evlərini istirahətə gələnlərə kirayəyə verir və cəmi 20 dəqiqəlik məsafədə olan radiolokasiya stansiyasını heç xatırlamırlar da... Amma bu, ilk baxışdan belədir. “Bu stansiya bizi narahat edir. Bu obyektin yerli sakinlərə heç bir xeyri, yoxdur, yaratdığı problemlər isə saysız-hesabsızdır”. Bu fikirlərin müəllifi 32 yaşlı Qəbələ sakini, soyadını söyləmək istəməyən İdrak adlı şəxsdir: “Mənə 32 yaş verərsinizmi? Kənardan baxan 50 yaşdan əksik verməz. Bu stansiya təsiri nəticəsində əhali vaxtından əvvəl qocaldır. Anam ağciyər xərçəngindən əziyyət çəkir. Rayonda onu kimi xəstəliyə düçar olanların sayı çoxdur. Şiş xəstəlikləri bu ərazidə həddən artıq geniş yayılıb. Ruslara nə var ki, onlar deyirlər, radiasiya yoxdur, vəssalam. Amma biz bu radiasiyanı hər gün öz üzərimizdə hiss edirik, axı”.

Yerli yeməkxanalardan birində çalışan 43 yaşlı Səkinə adlı qadın isə Qəbələdə sonsuz qadınlarını sayının həddən artıq çox olduğunu bildirir: “Rayonda sonsuz qadınların sayı, vaxtından əvvəl doğuş, uşaqsalma halları həddən artıq çoxdur. Burada stansiya tikilməzdən əvvəl belə hallara rast gəlinməzdi. İndi rayonda doğulan uşaqların əksəriyyəti eşitmə və görmə problemləri ilə dünyaya gəlir, elə uşaqlar var ki, doğulandan bəri tənəffüs problemləri ilə üzləşirlər. Mənim gəlinim üç dəfə uşaq salıb, yalnız dördüncü dəfə normal uşaq dünyaya gətirə bilib”. Yerli sakinlərin sözlərinə görə, çərşənbə axşamı və cümə günləri stansiya var gücü ilə işləyir, həmin günlər əhali nə yata, nə də yeyə bilir. Qəbələ radiolokasiya stansiyasının rəhbərliyi isə hərbi obyektin rayonda ekoloji vəziyyəti gərginləşdirməsi barədə iddiaları əsassız sayır. Stansiyada çalışan hərbçilər burada ailələri ilə yaşadıqlarını, uşaqların normal böyüdüklərini deyir: “Biz bura ailəmizlə birlikdə gəlirik. Uşaqlarımız burada doğulub, burada böyüyür. Stansiyanın ekoloji problemlər yaratmasını nəyə əsasən söyləyirlər? Burada ekoloji durumu nəzarətdə saxlamaq üçün mütəmadi monitorinqlər keçirilir, monitorinqlər zamanı ekologiya ilə bağlı heç bir ciddi problem aşkarlanmayıb”. Qeyd edək ki, stansiyada xidmət keçmək üçün əsasən müqavilə əsasında çalışan hərbçilər cəlb olunur. Müqavilələr 3-5 il müddətinə bağlanır, müqaviləyə əsasən, hərbçilər və onların ailə üzvləri ildə bir dəfə yerli hospitalda müayinədən keçməlidir. Maraqlı məqamlardan biri Qəbələ radiolokasiya stansiyasında hərbi xidmətin müddəti ilə bağlıdır. Rusiyanın digər hərbi obyektlərindən fərqli olaraq burada hər xidmət ili 1,5 ilə bərabər götürülür. Bu, sovetlər dövründən tətbiq olunan sistemdir, belə sistem adətən zəhərli və həyat üçün təhlükəli olan obyektlərdə tətbiq olunub. Analoji sistemin Qəbələ radiolokasiya stansiyasında nə üçün tətbiq olunur? Bu obyektin insan həyatı üçün təhlükəli olmasına görə, yoxsa, başqa səbəb var? Səfər zamanı bu sualın cavabını təəssüf ki, ala bilmədik.

Rusiya prezidentinin Qəbələ radiolokasiya stansiyasının ABŞ-la birgə istifadəyə təklif etməsindən sonra bütün dünyanın diqqət mərkəzinə çevrilən bu hərbi obyekt üç kompleksdən ibarətdir. Ötürücü Radiotexniki Mərkəz adlanan əsas binadan başqa obyekt ərazisində Qəbul Mərkəzi və Enerji-Mexaniki Mərkəzi yerləşir. Ötürücü qurğular bir-birindən 800 metr məsafədə yerləşir. Obyektin əsas mərkəzi - texnoloji mövqedir. Burada kosmik fəza fasiləsiz olaraq nəzarətdə saxlanılır, parametrlər müəyyənləşdirilir, informasiyalar qəbul olunur, analiz edilir və ötürülür. Bu texnoloji mövqe 1985-ci ildən fəaliyyətə başlayıb, 1987-ci ildə isə burada hərbi hissə yaradılıb. Ötürücü Radiotexniki Mərkəz adlanan 18 mərtəbəli binanın hündürlüyü 120 metrdir. Stansiya 6 min kilometr məsafəni, o cümlədən Yaxın və Orta Şərq regionunu, Ərəbistan dənizini və Hind okeanını tam nəzarətdə saxlaya bilir. Tam nəzarət dedikdə, daha çox bu ərazilərdə ballistik raketlərin uçuşunun nəzarətdə saxlanması nəzərdə tutulur, hər halda Rusiya hərbçiləri stansiyanın daha nələri nəzarətdə saxladığını söyləməkdə xəsislik edirlər. Stansiyanın fəaliyyəti barədə jurnalistləri məlumatlandıran Rusiya Kosmik Qoşunları Komandanlığının nümayəndəsi, general-mayor Aleksandr Yakuşinin sözlərinə görə, İran-İraq müharibəsi zamanı Qəbələ radiolokasiya stansiyası 150-dən artıq “Skad” raketinin buraxılışını qeydə ala bilib. Bundan başqa stansiya bu ilin yanvar ayında İranın Həmədan təlim mərkəzindən “Şahab-3” sınaqdan keçirilməsini qeydə alıb və prosesi tam izləyə bilib. “Qəbələ radiolokasiya stansiyasının qarşısında qoyulan əsas vəzifə kosmik situasiyanı nəzarət altında saxlamaqdır” deyən Yakuşin stansiyanın nəzarət dairəsində atılan raketləri dəf edə bilmək qabiliyyəti ilə bağlı jurnalistlərin israrlı suallarını cavabsız qoyur: “Əminəm ki, bu stansiya beynəlxalq standartlara tam cavab verir və qarşısına qoyulan vəzifənin öhdəsindən gəlməyə qadirdir. Müvafiq hərbi-siyasi qərar qəbul ediləcəyi təqdirdə Qəbələ radiolokasiya stansiyasını qısa müddət ərzində modernləşdirmək mümkündür”.

Yakuşinin bu mesajı sözsüz ki, Qəbələ radiolokasiya stansiyasının Şərqi Avropada quraşdırılacaq yeni radar sistemi ilə müqayisə etmək belə istəməyən amerikalı hərbçilərə ünvanladığını anlamaq çətin deyil. Lakin qeyri-hərbçilər belə adi nəzər salmaqla Qəbələ radiolokasiya stansiyasının müasir standartlardan qat-qat uzaq bir hərbi obyekt olduğunu anlaya bilərlər. Burada istifadə olunan texnika SSRİ dövründən qalıb və demək olar ki, yenilənməyib. Stansiyada “Pentium” yaddaşlı kompüterlərin izi-tozu yoxdur, hərbçilər sovet dövründən qalmış kompüterlərdə “Beysik” əlifbası ilə yazılmış köhnə proqramlardan istifadə edirlər. Kalkulyatorlar, telefonlar, liftlər, yükqaldıranlar hamısı sovet dövründən qalıb. Metal pilləkənlərlə stansiyanın ən yüksək nöqtəsinə qalxırıq, cırıldayan pilləkən az qala ayağımızın altından qaçır, hər dəqiqə yıxılacağını düşünürsən. Stansiyada uzun illər hətta kosmetik təmir işləri də aparılmayıb - binanın daxilində bir çox yerlərdə divarların rəng örtüyü qopub.

Hazırda stansiya öz gücünün heç beşdə bir hissəsi ilə də işləmir. Rusiya və ABŞ stansiyadan birgə istifadə ilə bağlı razılığa gəlsələr, o zaman stansiyanın tam gücü ilə işləməsi mümkün görünür. General-mayor Yakuşin stansiyanın potensialı və indiki istifadə gücü haqqında geniş məlumat verməkdən imtina edir: “Bunu söyləməyə hüququm yoxdur. Amma əminəm ki, stansiya tam gücü ilə işləyəcəyi təqdirdə region üçün heç bir ekoloji problem yaratmayacaq”. Bununla belə Rusiya və ABŞ-ın Qəbələ radiolokasiya stansiyasını birgə istifadə edəcəyi ilə bağlı xəbərlər rayon sakinlərini ciddi narahat edir. Sakinlərin əksəriyyəti hesab edir ki, Rusiya və ABŞ razılaşacağı təqdirdə stansiya tam gücü ilə işləməyə başlayacaq, bu isə bütün region üçün ciddi təhlükə mənbəyinə çevriləcək. Sakinlərin APA əməkdaşına verdiyi daha bir sensasion məlumat: “Qəbələ radiolokasiya stansiyasının altında mini atom-elektrik stansiyası var”. General-mayor Yakuşin bu informasiyanı təkzib edir: “Biz stansiyanın fəaliyyəti üçün yalnız elektrik enerjisindən istifadə edirik. Hərbi obyektin işlədilməsinə 500 min insan yaşayan şəhərdə istifadə olunan qədər elektrik enerjisi sərf olunur. Qəbələ radiolokasiya stansiyasını elektrik enerjisi ilə yerli stansiya təmin edir”. Yakuşinin açıqlamasında paradoksal məqamlar var. Qəbələ radiolokasiya stansiyası həftədə yeddi gün, gündə 24 saat işləyir və bunun üçün külli-miqdarda elektrik enerjisi sərf olunur. Qəbələ rayonuna isə elektrik enerjisi yalnız günü ikinci yarısında verilir. Qışda isə vəziyyət daha pis olur. Əgər yerli stansiya Qəbələ rayonunu elektrik enerjisi ilə tam təmin edə bilmirsə, onda “500 min nəfərlik şəhərdə istifadə olunan qədər elektrik enerjisi” tələb olunan Qəbələ RLS-i necə təmin edir? Deməli stansiyanın alternativ enerji mənbəyindən istifadəsi ilə bağlı şübhələr heç də əsassız deyil.

Bir müddət əvvəl siyasətlə məşğul olan planet sakinlərindən başqa heç kəsə məlum olmayan, heç kəsin diqqət yetirmədiyi Qəbələ radiolokasiya stansiyasına maraq Rusiya prezidenti Vladimir Putinin təklifindən sonra daha da artıb. “Böyük səkkizliy”in sammitində Qəbələ radiolokasiya stansiyasını ABŞ-a birgə istifadəyə təklif edən Putin bununla dünyanın bütün diqqət mərkəzini Azərbaycanın dilbər guşələrindən birində yerləşən bu obyektə yönəldib. Qəbələ RLS-ə diqqətin çox böyük olmasını stansiyaya qısa müddətli ekskursiyada iştirak edən jurnalistlərin təmsil etdiyi ölkələrin və media quruluşlarının sayı da təsdiqləyir. Rusiya Qəbələ radiolokasiya stansiyası ilə tanışlıq səfərinə Azərbaycan, Koreya, Çin, Yaponiya, Almaniya, Böyük Britaniya, Çexiya, Polşa, Qətər və ABŞ-dan 40 media nümayəndəsini cəlb edib. Belə görünür ki, Qəbələ RLS-lə bağlı məlumatlar hələ uzun müddət dünyanın nüfuzlu media qurumlarının xəbər bülletenlərindən əksik olmayacaq. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR