Bank Of Baku

Arif Hacılı: “Müsavat Partiyasının Gənclər Təşkilatının konfransında nizamnamə pozuntuları qeydə alınıb”

Arif Hacılı: “Müsavat Partiyasının Gənclər Təşkilatının konfransında nizamnamə pozuntuları qeydə alınıb”
# 02 iyul 2007 15:36 (UTC +04:00)
“Müsavat Partiyasının Gənclər Təşkilatının konfransında nizamnamə pozuntuları qeydə alınıb, müəyyn rayon təşkilatlarının konfransda iştirakı təmin olunmayıb. Buna görə də həmin konfransda qəbul olunmuş qərarlar Müsavat Məclisi tərəfindən təsdiqlənmədi”. Bu açıqlamanı APA-ya Müsavatın Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. Artıq bu məsələnin Məclisdə səsvermə yolu ilə öz həllini tapdığını deyən A. Hacılının sözlərinə görə, hazırkı məqamda qəbul olunan qərar ən doğru seçimdir: “Məclisdəki müzakirələrdə müəyyən etik normalardan kənar hərəkətləri nəzərə almasaq, müzakirələr tam demokratik keçdi və mühüm qərarlar qəbul olundu. Hazırda Gənclər Təşkilatının lideri olmaq uğrunda qurumda mübarizə gedir və bununla bağlı müəyyən fikir ayrılıqları yaranır”. A. Hacılı bildirib ki, tərkibi yaşı 29-dək olan gənclərdən ibarət Təşkilat Komitəsi yaradılacaq və yeni təşkilat formalaşacaq: “Həmçinin, partiyanın siyasətində yaşı 35-ə qədər olan gənclərin potensialından da istifadə olunacaq. Hətta onların ictimai Gənclər Birliyi yaratması da mümkündür. Şəxsən mən çalışacağam ki, bu prosesdə qaliblər və məğlublar olmasın”. Müsavat Məclisinin sədri Sülhəddin Əkbər isə qəbul olunmuş qərarın yalnız siyasi qərar olduğunu bildirib: “Ona görə də buna hüquqi yox, siyasi qiymət vermək lazımdır. Hüquqi cəhətdən Gənclər Təşkilatının konfransı ləğv olunmayıb. Mən və MNTK-nın sədri həmin konfransda iştirak etmişik və orada hər hansı nizamnamə pozuntusu olsaydı, bunu müşahidə edərdik. Sadəcə təşkilatda siyasi fikir ayrılığı var”. S. Əkbər konfransın yenidən keçirilməsinə ikinci səbəbin yaş həddi ilə bağlı olduğunu vurğulayıb: “Bu qərarımız da fikir ayrılığı və gərginliyi aradan qaldırmaq üçündür. Partiya rəhbərliyi məsələni bu kontekstə həll etməyə qərar verdi. Gənclər Təşkilatı haqqında əsasnamə qanundakı dəyişikliyə uyğunlaşdırılmalıdır. Ola bilsin ki, bu uğurlu qərar deyil, amma bundan irəli gedə bilmədik”. S. Əkbər Gənclər Təşkilatındakı fikir ayrılığının ona tam bəlli olmadığını deyib. Gənclər Təşkilatının rəhbərliyinin “Azərbaycan Yolu” Siyasi Hərəkatının lideri İlqar Qasımova yaxın olması ilə bağlı fikirlərə gəldikdə, S. Əkbər bu barədə məlumatının olmadığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR