Bank Of Baku

Yeni Dnestryanı presedenti TƏHLİL

Yeni Dnestryanı presedenti  <font color=red>TƏHLİL</font>
# 29 may 2008 07:53 (UTC +04:00)
Buxarest. Dr. Fəxri Kərimli-APA. Keçmiş SSRİ-dən miras qalan münaqişələrin hamısı GUAM dövlətlərinin payına düşüb: Abxaziya, Cənubi Osetiya (Gürcüstan), Dağlıq Qarabağ (Azərbaycan) və Dnestryanı (Moldova). Onlara müasir terminologiyada həm də “dondurulmuş münaqişələr” deyirlər. Amma belə görünür ki, hadisələr indi getdiyi məcrada davam etsə, tezliklə sonuncunun “donunun açılmasının” şahidi olacağıq.

Mayın 14-də Brüsseldə Moldova parlamentinin sədri Marian Lupu qondarma “Dnestryanı Moldav Respublikası”ndan olan həmkarı Yevgeni Şevçuk ilə görüşüb. Görüş zamanı Dnestryanı münaqişə ilə bağlı müzakirələrin mümkün qədər tez bərpa olunması qərara alınıb. Görüşdə Dnestr çayının hər iki sahili boyunca insanların və malların sərbəst hərəkəti və qarşılıqlı etimad inam tədbirlərinin görülməsi müzakirə olunub. Bu səviyyədə sonuncu görüş nə az, nə çox 7 il əvvəl baş tutsa da, bu hələ hamısı deyil: Y. Şevçukun Brüsselə səfəri başqa baxımdan da maraq doğurur, belə ki, o, Moldovanın Avropa İttifaqından qondarma respublikanın liderlərinin bu məkanda hərəkətinə qoyulmuş qadağanın qaldırılmasına dair xahişinin qəbul olunmasından sonra Aİ dövlətləri ərazisinə daxil olan ilk separatçı liderdir.

Qadağaların qaldırılması aprelin 11-də rus adı Benderı, moldav adı Tigina olan şəhərdə Moldova prezidenti Vladimir Voronin və Dnestryanı lideri İqor Smirnov arasında baş tutan görüşdən sonra mümkün olub. Əvəzində isə İ. Smirnov Moldova rəsmilərinin qondarma respublika ərazisində hərəkətinə icazə verib. Görüşdə bu təmasların davam etdirilməsi və komissiyalar səviyyəsində dialoqun davam etdirilməsinə qərar verilib. Bu səviyyədə son görüş 2001-ci ilin avqustunda baş tutsa da, sonradan Moldovanın Ukraynanın köməyilə Dnestryanı bölgəyə qarşı siyasi və iqtisadi blokada tətbiq etməsi vəziyyəti gərginləşdirib və 5+2 formatında aparılan danışıqlar prosesini (ABŞ, Rusiya, Ukrayna, Aİ, ATƏT + Moldova, Dnestryanı) yarımçıq qoyub. Hətta V. Voroninə əslən Dnestryanıdan olan anasının dəfnində iştirak etməyə belə icazə verilməyib.

“Bu gün Moldova Dnestryanı münaqişənin sülh yolu ilə həllinə heç vaxt olmadığı qədər yaxındır” deyən prezident V. Voronin mayın 6-da Mərkəzi Avropa dövlətlərinin başçılarının XV Ohrid toplantısında bəyan edib: “Mənim ölkəm bu münaqişənin davamlı həllini yalnız “5+2” formatında görür və bu, dondurulmuş münaqişələrin dövlətin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə təminat verən sülh yolu ilə həllinə dair nümunə ola bilər”. Eyni optimizm Moldova XİN başçısı Andrey Stratan tərəfindən də bölüşülür: “Moldova Dnestryanı bölgə ilə münaqişənin ilin sonuna qədər həll olunacağına inanır”. Formal olaraq yeni sülh prosesinin başında Aİ dursa da, təşəbbüsün Rusiyadan gəldiyi aydındır. Rusiya ilk dəfə deyil ki, bu rolda çıxış edir. 2003-cü ildə adını müəllifindən götürmüş Rusiyanın məşhur “Kozak planı” imzalanmasına saatlar qalmış Moldova prezidenti tərəfindən rədd olunmuş və hətta Rusiya prezidenti Vladimir Putin az qala aeroport yolundan qayıtmışdı. Məhz bundan sonra Rusiya-Moldova münasibətləri kəskin surətdə pisləşmiş və Moldova şərab məhsullarının Rusiya bazarına çıxarılmasına məlum embarqo qoyulmuşdu. İndiki sülh planının detalları “Kozak planı” qədər məlum olmasa da, hər iki sənəddə mahiyyətin dəyişmədiyi məlumdur. Söhbət Moldovanın NATO-ya inteqrasiyadan və GUAM üzvlüyündən imtina etməsi, Rusiya qoşunlarının Dnestryanıda saxlanması əvəzində isə Rusiyanın Moldovanın ərazi bütövlüyünün bərpasına təminat verməsindən gedir. Yəni Moldova Dnestryanı bölgəni formal olaraq geri alsa da, Rusiyanın siyasi orbitinə daxil olur.

Bir sözlə Rusiya Kosovo təcrübəsindən sonra dondurulmuş münaqişələrə dair yeni taktika tətbiq etməyə başlayıb. Bu taktikaya əsasən Moskva separatçı bölgə əvəzinə bütöv ölkəni nəzarətə almağı planlaşdırılır. Əslində belə bir taktikanın özü də yeni deyil, çünki SSRİ dağılarkən Qara dəniz donanması üzündən Kiyev və Moskva arasında Krım yarımadasında qarşıdurma yaranarkən Rusiya yerli rusdilli əhalinin separatizm əhval-ruhiyyəsini cilovlayaraq əvəzində Ukraynanın özünü siyasi girov vəziyyətinə salmağa üstünlük vermişdi. Nəticədə Krım yarımadasına muxtar respublika statusu verilmiş, donanmanın yerləşdiyi Sevastopol isə xüsusi ərazi inzibati vahidinə çevrilmişdi. İndi Rusiya Moldovanın hesabına Şərqi Avropada ikinci Serbiya əldə etməyə çalışır.
Dnestryanı münaqişə digər “həmcinsləri” ilə müqayisədə həmişə həll olunmağa daha çox şansı olan problem kimi dəyərləndirilib. Buna səbəb münaqişənin etnik xarakter daşımaması, tərəflər arasında kəskin qarşıdurmanın olmaması, münaqişənin nisbətən az qurbanlara səbəb olması (təxminən 1000 nəfər), etnik təmizlənmənin aparılmamasıdır (Dnestryanıda əhalinin nisbi əksəriyyətini moldavlar təşkil edir). Odur ki, Kişinyov küçələrinə çox tez-tez Dnestryanı nömrəli maşınlara və ya Moldova pasportu ilə Avropaya səyahət edən separatçı bölgə sakinlərinə rast gəlmək olar. Üstəlik Dnestryanı ilə eyni vaxtda yaranan Qaqauz Respublikası münaqişəsinin muxtar statusun təqdim edilməsi yolu ilə 1995-ci ildə dinc şəkildə həlli təcrübəsi mövcuddur. Sovetlər dövründə onsuz da aqrar ölkə olan Moldova üçün doğrudan da Dnestryanı ölüm-dirim məsələsidir, çünki sovet dövründə aparılan məqsədyönlü siyasət nəticəsində ölkənin sənaye potensialının yarıdan çoxu məhz bu bölgədə cəmləşdirilib. Moldova ilə birləşmə isə Dnestryanı üçün anklav vəziyyətdən Avropa İttifaqına inteqrasiya perspektivi vəd edir. Belə ki, Aİ liderləri Moldovanın bütövləşməsi prosesinə İttifaq tərəfindən sponsorluq ediləcəyini dəfələrlə təkrarlayıblar.
Moldova yeni presedent yaradacaq kimi görünsə də, əslində olduqca çətin seçim etməlidir. Benderı görüşündə Dnestryanı lideri İqor Smirnov Moldova prezidentinə “Moldova Respublikası və Dnestryanı Moldav Respublikası arasında dostluq və əməkdaşlıq haqqında” sazişin layihəsini təqdim edib. Saziş hər iki tərəfə bərabər status verməklə onların “qarşılıqlı suverenliyi və ərazi bütövlüyünü”, “bir-birinin daxili işlərinə qarışmamasını” təsdiq edir. Yalnız bundan sonra münaqişə “beynəlxalq hüquq və mövcud siyasi-iqtisadi gerçəkliklər çərçivəsində” həll oluna bilər. Yəni Moldova əslində Dnestryanı üzəridə hər hansı miras haqqından imtina etməlidir. Nəticədə Moldova və Dnestryanı demək olar ki, üfüqi münasibətlər zəminində vahid, əslində isə federativ dövlətə çevrilə bilər. Bu zaman separatçı liderlər mərkəzi hakimiyyətdə vacib vəzifələr tutmalı, Moldova neytral dövlətə çevrildiyini elan etməli və Dnestryanı bölgənin “Qazprom” olan 1,5 milyard dollar borcunu ödəməli, 2009-cu il parlament seçkilərində separatçı bölgənin partiyaları və sakinləri də iştirak etməlidirlər.
İndi hadisələr həlledici mərhələyə qədəm qoyur: yeni Dnestryanı presedentinin yaranması, yoxsa köhnə Kozak təcrübəsinin təkrarlanması hadisələrin inkişaf istiqamətindən asılı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR