Bank Of Baku

Əli Əhmədov: “Azərbaycanda prezident seçkilərini boykot edə biləcək siyasi qüvvə mövcud deyil”

Əli Əhmədov: “Azərbaycanda prezident seçkilərini boykot edə biləcək siyasi qüvvə mövcud deyil”
# 04 iyun 2008 15:16 (UTC +04:00)
- Seçki Məcəlləsinə əlavə və dəyişikliklər zamanı YAP-ın seçki müddətinin azaldılması barədə təklifi nəzərə alındı və qəbul edildi. YAP niyə müddətin azaldılmasında bu qədər israr edirdi?
- 2008-ci il seçki kampaniyası təkmilləşdirilmiş seçki qanunu ilə keçiriləcək. YAP hələ xeyli əvvəl qanunun təkmilləşməsi təklifi ilə çıxış edib. Hər bir qanun təcrübədə sınaqdan keçirilir. 2003 və 2005-ci ildə keçirilmiş seçkilər zamanı belə qənaətə gəldik ki, qanuna bir sıra dəyişikliyin edilməsinə ehtiyac var. Bunlardan biri də seçki müddətinin azaldılması idi. Azərbaycandakı seçki təcrübəsini dünyanın bir sıra ölkəsində keçirilən seçkilərlə müqayisə əsasında aydın gördük ki, bizdə seçkiyə 120 gün ayrıldığı halda, əhalisi və ərazisi Azərbaycandan xeyli çox olan ölkələrdə seçkinin keçirilməsinə əsas etibarı ilə 2 ay, yaxud 2 ay yarım ayrılır. Bu onu göstərir ki, seçkilərin keçirilməsi üçün ayrılan vaxtın seçkilərin demokratikliyinə heç təsiri yoxdur. Digər tərəfdən, Azərbaycanda 5 ildə 3 seçki keçirilir. 3 seçkinin hər birinə 120 gün ayrılanda Azərbaycan 5 ilin tam 1 ilini seçkilərlə məşğul olur. Dünyanın heç yerində seçkiyə bu qədər vaxt sərf olunmur. Əksinə, maliyyə vəsaitlərinə qənaət etmək üçün bir sıra ölkələrdə parlament və bələdiyyə seçkiləri eyni vaxtda keçirilir. Vaxtı azaltmaqla maliyyə xərcləri də təxminən iki dəfə azalır. Məsələn, Böyük Britaniyada seçkilərin keçirilməsinə 6 həftə ayrılır. Bu baxımdan Azərbaycan parlamenti düzgün qərar qəbul edib.
- Prezident seçkiləri ilə bağlı YAP seçki proqramını 75 günə uyğunlaşdırıbmı?
- Müddət 120 gün saxlanılsaydı, bizim proqramımız da bu dövrü əhatə etməli idi. Ancaq indi 75 günlük seçki proqramı hazırlayacağıq. Həm namizədin irəli sürülməsi, həm də təbliğat-təşviqat üçün 75 gün kifayət qədərdir. 75 gün nəinki az, bir sıra ölkələrlə müqayisədə hətta çoxdur. Demək istəyirəm ki, təbliğat müddətinin azaldılmasına baxmayaraq, bu müddət yenə də Azərbaycanda bəzi ölkələrə nisbətən çoxdur.
- Seçkilərdə iştirakla bağlı qərar qəbul edən bəzi müxalifət partiyaları qanuna əlavə və dəyişikliklərdən sonra seçkini boykot etmək barədə müzakirələrə başlayıb. Bunu necə qiymətləndirirsiniz?
- Əgər seçkilərdə iştirak etmək üçün real parametrləri və imkanları olmayan partiyalar seçkilərdə iştirakdan imtina üçün bəhanə axtarırsa, bu başa düşüləndir. Lakin Seçki Məcəlləsinə edilən əlavə və düzəlişlər real şəkildə seçkilərdə iştirak etmək niyyəti olan partiyaların bu niyyətindən çəkilməsi üçün əsas ola bilməz. Təbii ki, Azərbaycanda elə partiyalar var ki, seçkilərdən hələ xeyli əvvəl seçkilərdə iştirak edib böyük nailiyyətlər qazanacaqları haqda səs-küylü, gurultulu bəyanatlar vermələrinə baxmayaraq, seçki vaxtı çatanda bəlli olur ki, onların bəyanatları ilə malik olduqları resurslar bir-birindən tam fərqlənir. Real resursları olmayanlar vaxt çatdığına görə belə bəhanələrə ət atırlar. Əslində, bəhanə axtaranlar həmişə belə bəhanələr tapa bilirlər. Azərbaycanın siyasi tarixində də dəfələrlə bu cür bəhanələrdən istifadənin şahidi olmuşuq. Bu gün seçkilərin boykotu üçün heç bir əsas yoxdur. Digər tərəfdən, seçkidə iştirak etməməklə, seçkini boykot etmək anlayışları arasında ciddi fərq var. Azərbaycanda seçkiləri boykot etmək qüdrətinə malik partiya yoxdur. Zəruri sayda imza toplamaq, təşviqat kampaniyası aparmaq üçün insani və digər resurslara malik partiyalar seçkilərə qatılacaq.
- Müxalifətin seçkiləri boykot etməsi hakimiyyət üçün hansı problemlər yarada bilər?
- Dediyim kimi boykotla, seçkiyə qatılmamaq fərqli anlayışdır. Azərbaycanda prezident seçkilərini boykot edə biləcək siyasi qüvvə mövcud deyil. Seçicilərin əksəriyyəti 2008-ci il prezident seçkilərinin keçirilməsində öz seçici hüquqlarından istifadə edib seçkiyə qatılacaqlar. Bu gün seçkiləri boykot etmək barədə bəyanat verən partiyaların heç birinin ictimai rəyə təsir etmək imkanı yoxdur ki, insanların rəyini dəyişə bilsinlər. Ona görə də hər hansı partiyanın seçkiləri boykot etməsindən söhbət gedə bilməz. Azərbaycanda prezident seçkilərində iştirak etmək niyyətində olan və iştirak edəcək partiyalar kifayət qədərdir və onlar seçkidə iştirak edəcəklər.
- Müxalifətin Seçki Məcəlləsinə təklif etdiyi dəyişikləri qəbul etmək olmazdımı? Sənədin müxalifətin tələb etdiyi formada qəbul ediləcəyi halda, ölkədə siyasi situasiya dəyişə bilərdimi?
- Azərbaycan müxalifətində çox qəribə bir yanaşma mövcuddur. Onlar düşünürlər ki, hər bir seçki ərəfəsində seçki qanununu dəyişmək və uğur qazanmaq mümkündür. Azərbaycanın 15-16 ildir ki, yeni bir cəmiyyət olaraq seçkilər keçirməsinə baxmayaraq, bir sıra partiya hələ də dərk edə bilmir ki, seçkidə uğur qazanmağın yolu insanların dəstəyini qazanmaqdır. Bundan əhəmiyyətli və vacib dəstək yoxdur. Bütün bunlar qalıb bir kənarda, uğur qazana bilməyən partiyalar hər seçki ərəfəsində qanunun dəyişməsi barədə müzakirələrə başlayır. Xüsusilə seçki komissiyalarının formatının dəyişməsi tələb olunur. Bu tələbi irəli sürən partiyalar hələ də dərk etməyiblər ki, seçkinin taleyini komissiyalar həll etmir. Seçki komissiyalarının hesabına uğur qazanmaq ən antidemokratik seçki sayılır. Hansısa partiya özünün seçki baxışlarının bu qədər qeyri-demokratik olduğunu etiraf etmək istəyirsə, qoy belə təkliflərini davam etdirilsin. Seçki komissiyalarının tərkibinin müxalifətin təklif etdiyi formada qəbul olunmamasının da səbəbləri var. 2000-ci ildə həm beynəlxalq təşkilatların, həm də müxalifətin təklifi əsasında komissiyalar paritet əsaslarda təşkil olundu. Amma müxalifətin maraqları ilə xalqın maraqları arasında ziddiyyət meydana çıxdığından müxalifətçilər komissiyaların işində iştirakdan imtina etdilər. O zaman beynəlxalq təşkilatlar seçki komissiyalarının fəaliyyətinin iflic olmaması üçün hazırkı formatı təklif etdi. Hazırda nə YAP, nə də digər partiyalar seçkini pozmaq imkanına malikdir. Bu, ədalətli formadır.
- Bakı şəhər İcra Hakimiyyəti müxalifətin mitinqləri üçün Bibiheybətdəki stadionu təklif edir. YAP da aksiyalarını həmin yerdə keçirəcəkmi?
- YAP müxalifətdən fərqli olaraq, özünün siyasi fəaliyyətini mitinq taktikası üzərində qurmayıb. Digər tərəfdən, YAP qanuna uyğun şəkildə və yerli hakimiyyətin müəyyənləşdirdiyi qaydaya mitinqlər keçirəcək. Əgər paytaxtda mitinqlər üçün müəyyən yerlər ayrılıbsa, biz aksiyalarımızı orada keçirəcəyik. Mitinqin Bibiheybətdə, Ukrayna meydanında və ya keçmiş “Qələbə” kinoteatrının qarşısında keçirilməsinin heç bir fərqi yoxdur. YAP seçkiqabağı mitinqlərini bu məqsədlə ayrılan yerlərdə keçirəcək. Bizim opponentlər arqument kimi onu göstərirlər ki, guya Bibiheybət uzaqdır. Ötən prezident və parlament seçkilərində müxalifət kifayət qədər çox mitinq keçirdi. Həmin mitinqlərdə iştirak edənlərin əksəriyyəti məhz uzaq rayonlardan gətirilirdi. Necə olur ki, 200 kilometr uzaqdan Bakıya insanlar gətirib mitinqlər keçirmək olur, amma Bakının 5 kilometrliyində yerləşən Bibiheybəti mərkəzdən uzaq hesab edirlər. Müxalifət öz niyyətini açıq şəkildə ifadə etməlidir. Onlar aksiyalar elə yerdə keçirmək istəyirlər ki, orada həmişə çoxlu insan olsun. Bununla, mitinqlərinin çoxsaylı olduğu görüntüsü yaratmağa çalışırlar. Amma bununla özlərini aldadırlar. Nəticə etibarı ilə seçkilərdə bəlli olur ki, onları o qədər də dəstəkləyən yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR