Bank Of Baku

Qüdrət Həsənquliyev: “Azadlıq” bloku İsa Qəmbəri seçkiyə qatılmaması üçün şantaj edir”

Qüdrət Həsənquliyev: “Azadlıq” bloku İsa Qəmbəri seçkiyə qatılmaması üçün şantaj edir”
# 10 iyun 2008 13:14 (UTC +04:00)
Bütün düşərgələrdən eyni sualı eşidirəm ki, son sorğularda İlham Əliyevin reytinq göstəriciləri 70 faizin üstündədir. Belə olan halda nəyə ümid edib seçkiyə getdiyimizi soruşurlar. Təbii ki, mən seçkiyə qələbə üçün gedirəm. Amma məgər seçkilərdə şansının rəqibindən az olduğunu bilənlər iştirak etməməlidir? O məntiqlə gərək fovorit komandaların yanında nisbətən zəif olanlar çempionata qatılmasınlar?” Bunu APA-ya müsahibəsində bu günlərdə partiyasının qurultayı tərəfindən yenidən sədr seçilən və prezidentliyə namizəd olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib. Partiya sədri deyib ki, seçkidə iştirakın tərəfdarıdır. O, boykot tərəfdarı olan həmkarlarını iqtidara xidmət etməkdə, cəmiyyətin alternativ proqram və ideya eşitməsinin qarşısını almaqda qınayıb: “Əgər bizim seçkidə iştirak etməməyimiz bircə qram belə xalqın mənafeyinə xidmət edəcəksə, mən kənarda dayanmağa hazıram. Amma bilirəm ki, bu belə deyil. Hesab edirik ki, müxalifət seçkilərə qatılmalıdır. Biz bilirik ki, zaman-zaman xalqı yalan vədlərlə aldadan bəzi partiya liderlərinin yenidən ortaya çıxmağa üzü yoxdur. Ona görə də bu adamlar seçkidə iştirak edən digər qüvvələri şantaj edir. Onlar guya bizim hansısa seçki oyununda iştirak etdiyimizi düşünürlər. Bu fikirlərin heç bir əsası yoxdur. Biz seçkini boykot etsək, nə qazanacağıq? Seçkini boykot etmək Azərbaycana heç nə verməyəcək. Ona görə də seçkiyə qatılmaq və prosesdə iştirak etmək lazımdır”. Q. Həsənquliyev siyasi qüvvəsinin az və çox olmağından asılı olmayaraq, qələbə uğrunda mübarizə aparacaqlarını deyib: “Hesab edirik ki, çoxlu problemlər var və bu problemləri seçki kampaniyası dövründə qaldıracağıq. Artıq partiyamızda seçki ilə bağlı müəyyən işlər görülür”. Onun sözlərinə görə, bəzi siyasi qüvvələr əvvəlcə seçkiyə gedəcəklərini açıqlasalar da, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra tərəddüdə başlayıblar: “Əslində Seçki Məcəlləsinin necə olması demokratik seçki keçirmək üçün əsas deyil. Əsas olan siyasi qüvvələrin və hökumətin iradəsidir. Cəmiyyət də, mənim həmkarlarım da ona inanmalıdırlar ki, əslində çox demokratik qanun və seçkiqabağı mühit hələ seçkinin demokratik keçirilməsini deməyə imkan vermir. Seçkiqabağı mühit çox demokratik ola bilər, amma səsvermə günü seçkinin gedişinə müdaxilə edilər və bu seçkilər artıq demokratik və ədalətli hesab olunmaz. Eyni prosesin əksi də baş verə bilər. Eyni zamanda əgər müxalifətin Seçki Məcəlləsindən və ümumiyyətlə seçki qanunvericiliyindən narazılığı varsa, o zaman xüsusilə aktiv olmağa ehtiyac var. Ən azı qanunsuzluqları üzə çıxarmaq, baş verəcək qanunazidd məqamlara mane olmaq üçün prosesdə iştirak etmək lazımdı. Nəinki evdə oturub bu proseslərdə seyrçi mövqeyi tutmaq. Azərbaycan müxalifəti bunu 1998-ci ildə etdi və heç bir nəticənin olmadığı da ortaya çıxdı. Həmin seçkinin nəticələrini beynəlxalq aləm qəbul etdi və bundan sonra Azərbaycan bir çox beynəlxalq təşkilatlara belə üzv oldu. Bu onu göstərir ki, boykot çox səmərəsiz yoldur”. BAXCP sədri seçkidə iştirakla bağlı digər partiyalarla hansısa razılığa gələcəkləri təqdirdə Ali Məclisin qərarına yenidən baxa biləcəyini söyləyib. Onun sözlərinə görə, dəstəkləyəcəkləri namizəd iqtidarın namizədi də ola bilər: “Əgər iqtidarın namizədinin seçki platforması ilə bizim platformamız üst-üstə düşəcəksə, bu barədə siyasi partiyalar arasında danışıqlar olacaqsa, biz onun da namizədliyini dəstəkləyə bilərik. Ancaq bu sahədə konkret bir təklif yoxdur. Sadəcə, bunu nəzəri baxımdan söyləyirəm. Hazırda bir qrup müxalifət partiyaları arasında seçkidə iştirakla bağlı danışıqlar gedir. Onların bəziləri hələlik seçki ilə bağlı, ümumiyyətlə, konkret qərar qəbul etməyiblər. Biz demokratik əsaslarla vahid namizəd müəyyənləşdirilməsinə razıyıq. Hətta bununla bağlı ilkin seçkinin keçirilməsini də mümkün sayırıq. Amma indiki halda seçkidə vahid namizədlə iştirak etməklə bağlı danışıqlar gedir, bu namizəd mən də ola bilərəm, başqası da ”. Q. Həsənquliyev payızda keçiriləcək prezident seçkisində namizəd kimi iştirak edəcək şəxslər haqqında proqnozlarını da söyləyib: “İqbal Ağazadə və Sərdar Cəlaloğlu seçkidə iştirak edəcəyini bildirib. İsa Qəmbərlə bağlı konkret söz deyə bilmərəm. İndi “Azadlıq” bloku və konkret olaraq Əli Kərimli İsa Qəmbəri seçkiyə getməməsi üçün şantaj edir. Onu hökumətin tapşırıqlarını yerinə yetirməkdə ittiham edir. Bunlar mənə tanış ittihamlardır. Buna görə də İsa Qəmbərin belə məqamda hansı qərarı qəbul edəcəyini bilmirəm. Amma çoxillik müşahidələrimə əsaslanıb deyə bilərəm ki, İsa Qəmbər ekstremal vəziyyətdə obyektiv və doğru qərar qəbul edə bilmir. Biz bunun dəfələrlə şahidi olmuşuq”. Q. Həsənquliyevin fikrincə, əslində bu gün Əli Kərimli hökumətə xidmət edir: “Biz seçkiyə qatılmaqla bir qisim insanı öz haqları uğrunda mübarizə aparmağa və fəal olmağa səsləyəcəyik. Onlar isə bizim əleyhimizə şantaj kampaniyası təşkil etməklə həmin insanları da ümidsizliyə düçar edib, özləri kimi evlərinə çəkilməyə sövq edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR