Paşha Bank
Bank Of Baku

Azərbaycançılıq ideologiyası cəmiyyətimizi vahid amal ətrafında birləşdirir - RƏY

Azərbaycançılıq ideologiyası cəmiyyətimizi vahid amal ətrafında birləşdirir - RƏY
# 27 oktyabr 2026 15:51 (UTC +04:00)

Azərbaycançılıq ideologiyası cəmiyyətimizi vahid amal ətrafında birləşdirir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat deyib ki, milli ideologiyamız milli həmrəyliyimizin və dövlətçiliyimizin əsas dayağıdır: “Azərbaycan xalqı əsrlər boyu formalaşan milli-mənəvi dəyərləri, tarixi ənənələri və dövlətçilik təcrübəsi əsasında özünəməxsus ideoloji sistem yaradıb. Bu sistemin əsasını Azərbaycançılıq ideologiyası təşkil edir. Bu ideologiya insanları etnik mənsubiyyətindən, dini etiqadından asılı olmayaraq, vahid Vətən və dövlət ətrafında birləşdirən mühüm amildir. Azərbaycançılıq ideologiyasının müasir dövlətçilik konsepsiyası kimi formalaşmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Onun rəhbərliyi dövründə bu ideologiyanın mahiyyəti, prinsipləri və cəmiyyətin inkişafındakı rolu ilə bağlı mühüm müzakirələr aparılıb, Azərbaycançılıq milli birliyin və dövlət quruculuğunun ideoloji təməli kimi möhkəmləndirilib.

Birləşdirici ideologiya

Vüqar İskəndərov vurğulayıb ki, Azərbaycançılığın mahiyyəti yalnız milli kimliyin qorunmasından ibarət deyil: “Bu ideologiya həm də ümumi vətəndaşlıq məsuliyyətini, dövlətə sədaqəti, milli maraqların müdafiəsini və cəmiyyətin gələcəyi naminə birgə fəaliyyət prinsipini özündə birləşdirir. Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün etnik qrupları və azsaylı xalqları vahid amal ətrafında birləşdirib. Azərbaycanda müxtəlif xalqların nümayəndələri öz dillərini, mədəniyyətlərini və ənənələrini qorumaqla yanaşı, ümumi dövlətçilik dəyərləri ətrafında həmrəylik nümayiş etdirirlər. Bu, zəngin tarixi, elmi-fəlsəfi və dövlətçilik əsaslarına söykənən ideoloji sistemin birləşdirici və qurucu mahiyyətini göstərir. Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışı da Azərbaycanın multikulturalizm və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması, cəmiyyətdə həmrəyliyin qorunması ölkənin inkişafı və sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır”.

Yeni çağırış

Deputat qeyd edib ki, Azərbaycan cəmiyyətində milli ideologiya ətrafında mövcud olan birlik və həmrəylik dövlətin dayanıqlılığının əsas şərtlərindəndir: “Bununla belə, müasir dövrdə müstəqil dövlətlər üçün risklər yalnız fiziki müdaxilə və hərbi təhdidlərlə məhdudlaşmır. İdeoloji təsir vasitələri, milli dəyərlərin hədəfə alınması və cəmiyyət daxilində parçalanma yaratmağa yönələn cəhdlər də ciddi çağırışlara çevrilir. Dövlətlərin suverenliyinə və daxili işlərinə hörmət beynəlxalq münasibətlərin fundamental prinsiplərindəndir. Hər hansı ölkənin başqa dövlətə öz siyasi və ideoloji yanaşmalarını diktə etməyə çalışması qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri ilə uzlaşmır. Əgər əvvəllər müdaxilələr daha çox fiziki və siyasi təzyiq formasında özünü göstərirdisə, indi ideoloji müdaxilə də ciddi təhlükə yaradır. Hər bir dövlətin öz inkişaf yolunu seçmək, milli dəyərlərini qorumaq və gələcəyini müstəqil müəyyənləşdirmək hüququ var. Başqa ölkələrə dərs keçməyə çalışanlar ilk növbədə güzgüyə baxmalı, öz cəmiyyətlərindəki problemlərlə məşğul olmalıdırlar. Beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suverenliyə ehtiram və dialoq üstün tutulmalıdır. Azərbaycançılıq ideologiyasının qorunması və gələcək nəsillərə ötürülməsi milli həmrəyliyin möhkəmləndirilməsi, dövlət müstəqilliyinin qorunması və ölkənin davamlı inkişafı baxımından strateji əhəmiyyət daşıyır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR