Bakı-APA. 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı Mingəçevirdə ümumşəhər tədbiri keçirilib. APA-nın verdiyi xəbərə görə, tədbirdə şəhər icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər Azərbaycanlıların soyqırımı və deportasiyası abidə kompleksinin önünə gül dəstələri düzüb, şəhidərin xatirəsini ehtiramla yad edib. Matəm mitinqində çıxış edənlər xalqımızın tarixən qarşılaşdığı çətinliklərdən söz açıb, erməni millətçilərinin zaman-zaman Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətləri yada salıb.
Martın 30-da Lənkəran şəhərində də azərbaycanlıların soyqırımı abidəsi önündə anma mərasimi keçirilib. Tədbir iştirakçıları abidənin önünə soyqırımı qurbanlarının xatirəsini yad edib. Sonra mərasim Lənkəran Şəhər İcra Hakimiyyətində davam etdirilib. Çıxış edənlər qeyd edib ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biridir. Erməni quldurları 3 gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoyub, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş, qiymətli tarixi abidələri məhv edib. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda, Kürdəmirdə və digər bölgələrdə də bu cür faciələr törədilib. 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsindən azərbaycanlıların yaşadığı 150-yə yaxın kənd xarabalığa çevrilib, 50 mindən çox soydaşımız qətlə yetirilib.
Zaqatala şəhərində də soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin qarşısında anma mərasimi keçirilib. Tədbir iştirakçıları abidənin önündə 31 mart soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib. Mərasimdə Tariximizin faciəli səhifəsi mövzusunda məruzə dinlənilib. Məruzədə Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi kökləri barədə ətraflı məlumat verilib, erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri vəhşiliklərdən bəhs edilib.
31 mart-Azərbaycanlıların soyqırımı günü həmçinin Göyçayda, Bərdədə, Beyləqanda, Xızıda, Astarada, Ağdaşda və başqa rayonlarda da qeyd olunub. Tədbirlərdə çıxış edənlər soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyini, terror və təcavüzlərə məruz qaldığını, doğma torpaqlarından deportasiya olunduğunu, bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyini qeyd edib. Natiqlər erməni millətçilərinin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətini pisləyib, düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə geri qaytarılacaqlarına əminliklərini ifadə ediblər.
31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar rayonların mədəniyyət müəssisələrində ədəbi-bədii tədbirlər keçirilib, orta məktəblərdə xüsusi dərslər təşkil olunub.