APA-nın məlumatına görə, kitab Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi, administrasiyanın ictimai-siyasi şöbənin müdiri, professor Əli Həsənovun redaktorluğu, “Azərbaycan” qəzetinin redaksiyası ilə Milli Olimpiya Komitəsinin əməkdaşlığı əsasında nəşr olunub.
Kitab haqqında məlumat verən “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bildirib ki, kitabın birinci cildi faktoloji materiallardan ibarət olsa da, ikinci cildi daha geniş əhatəlidir: “Burada artıq ötən il Azərbaycanın olimpiya hərəkətində missiyasının 15 ili tamam olan prezident İlham Əliyevin gördüyü mühüm işlər və bununla bağlı çoxsaylı sənədlər yer alıb”.
B. Sadıqov əlavə edib ki, müxtəlif sahələrdə olduğu kimi olimpiya oyunları sahəsində də Azərbaycandakı inkişafın artımı dəfələrlədir: “Əvvəlki illərə nisbətən daha çox medal qazanırıq. Kitab da bu sahədə görülən işlər, idmançılara lazım olan materialları və xüsusən də jurnalistlər üçün maraqlı faktları əhatə edir. Biz də çalışmışıq ki 20 il ərzində bu sahədə nə baş verib əhatə edə bilək”.
Çıxış edən gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, bu gün Azərbaycanda idmana maraq kütləvi hal alıb: “Artıq 40-a qədər olimpiya kompleksləri, bir sıra idman növləri üzrə xüsusi idman mərkəzləri tikilir. Azərbaycan həqiqətən Avropa idman mərkəzlərindən birinə çevrilib. Bu uğurların salnamə şəklində tarixə daxil edilməsinin çox böyük rolu var və bu baxımdan bu gün təqdimatı keçirilən kitabın xüsusi əhəmiyyəti var. Bu eyni zamanda Azərbaycan idman tarixinin öyrənilməsi baxımından çox gözəl vəsaitdir”.
Nazir bildirib ki, ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi bu sahədə də uğurlu ənənənin əsasını qoyub, hazırda Prezident İlham Əliyev isə bu işi uğurla davam etdirir. Hazırda Bakıda bir sıra idman komplekslərinin tikildiyini deyən nazir vurğulayıb ki, Azərbaycan gələcəkdə bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməyə hazırlaşır: “Kitabda da qeyd olunduğu kimi formalaşdırdığımız ənənə imkan verir ki, biz bundan sonra da böyük idman tədbirlərini Azərbaycanda keçirək”.
Təqdimatda Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı da çıxış edərək Azərbaycanın idman tarixindən və son 20 ildə hakimiyyətin bu sahədə əldə etdiyi uğurlardan danışıb.
Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə də 1994-cü ilə qədər idmanın ağır templə irəliləməsindən və qeyd olunan müddətdən sonra Heydər Əliyevin diqqəti sayəsində Milli Olimpiya Komitəsinin yaradılmasından və idman sahəsində inkişafın sürətlənməsindən danışıb.