Bakı. Etibar Məmmədov-APA. “Qarabağ” bloku prezident seçkilərinə öz namizədi ilə qatılacaq”. Bu açıqlamanı APA-ya “Qarabağ” blokunun üzvü, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə verib.
Onun sözlərinə görə, “Qarabağ” blokunun prezident seçkilərinə vahid namizədlə qatılması haqqında müzakirələr gedir və yaxın zamanda blokun mövqeyi ifadə olunacaq: “Blokun seçkilərə öz namizədi ilə qatılması barədə müzakirələr artıq başlayıb. Blokun üzvləri arasında namizədlə bağlı fikir ayrılığı yoxdur. Vahid namizəd planı “Qarabağ” blokunda gözləniləndir. Yəqin ki, yaxın vaxtlarda bununla bağlı blokunun mövqeyi ifadə olunacaq. “Qarabağ” bloku əvvəldən məhz bu məqsəd üçün yaradılıb və hesab edirəm ki, məqsədini gerçəkləşdirmək üçün kifayət qədər imkanları var”.
Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) ilə əməkdaşlığa gəlincə isə, partiya sədri qeyd edib ki, Qarabağ “bloku” ilə DQMM fərqli mövqeyə malikdir: “Məşvərət Məclisi bəzi partiyaların toplandığı və cari məsələləri məsləhətləşdiyi yerdir. Blok isə qərarlar qəbul edir və bizim qərarlarımız blokun adından yerinə yetirilir. Amma Məclis sərbəstdir və onun verdiyi qərarlar yerinə yetirilməyə də bilər. Milli və yaxud bəzi siyasi məsələlərdə isə əməkdaşlıq mümkündür”.
ADP sədri, “Qarabağ” blokunun üzvü Sərdar Cəlaloğlu isə APA-ya bildirib ki, blok çərçivəsində namizədin müəyyənləşməsi prosesi gedir və seçkiyə vahid namizədlə qatılmaqda heç bir çətinlik yoxdur.
S. Cəlaloğlu həmçinin qeyd edib ki, partiyası DQMM-da təmsil olunsa da, qurumun “Qarabağ” bloku ilə əməkdaşlığı müzakirə mövzusu deyil.