Bakı. Ramil Məmmədli – APA. “16 oktyabr 2013-cü il prezident seçkisi ərəfəsində hüquqi-siyasi mühitin demokratikləşməsi imkanları” mövzusunda İctimai Forum keçirilib. APA-nın məlumatına görə, “Hüquq və İnkişaf” İctimai Birliyinin və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda bir qrup hüquqşünasın təşəbbüsü ilə hazırlanan “Seçki Məcəlləsi və digər normativ aktların təkmilləşdirilməsi üzrə Memorandum”un təqdimatı olub.
Forumun moderatoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib ki, Memorandum artıq 68 siyasi partiya, ictimai qurum və təşkilat tərəfindən imzalanıb. O bildirib ki, sənəd seçki sisteminin dəyişdirilməsi, seçki komissiyalarının tərkibinin yeni prinsiplər əsasında formalaşdırılması, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesinin təkmilləşdirilməsi, seçkiqabağı təşviqat kampaniyası üçün ədalətli hüquqi mühitin təmin olunması, seçki hüquqlarının pozulmasına dair şikayətlərin ədalətli və qanuni araşdırılması, səsvermə və səslərin sayılması prosesinin şəffaflaşdırılması müddəalarından ibarətdir.
Sənədin hazırlanması üzrə işçi qrupun üzvü, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov sənədin müxalifətin birgə fəaliyyətinin əsasını qoyacağına ümid etdiyini vurğulayıb.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı mövcud seçki qanunvericiliyini tənqid edib və dəyişdirilməsi zəruri olan müddəaları açıqlayıb.
AXCP sədri Əli Kərimli bəyan edib ki, müxalifət bu sənədi imzalamaqla beynəlxalq ictimaiyyətə seçki saxtakarlığı ilə barışmaq niyyətində olmadığı haqda ismarış verib: “Biz bu niyyətimizi ifadə etməklə, avtomatik bu islahatlar olacaqmı? Əsla. Bunun üçün nümunə göstərib, səmimi olmalıyıq. Zəruri gücə çevrilməsək, məğlubiyyət qaçılmaz olacaq. Siyasi iradə nümayiş etdirməliyik və yalnız sənədi imzalamaqla kifayətlənməyərək digər tədbirlərdə də birgə olmalıyıq”.
Ümid Partiyasının sədri İqbal Ağazadə sənədin beynəlxalq qurumlara təqdim olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bununla müxalifətin mövqeyi tam şəkildə aydın olar.
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər sənədin icrası üçün işçi qrupun yaradılması və xalq hərəkatına stimul vermək təşəbbüsü ilə çıxış edib.
ADP sədri Sərdar Cəlaloğlu Memorandumun Avropa Şurasının Venesiya Komissiyasına təqdim olunması haqda təklif irəli sürüb.
Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, iqtidara qarşı mövqeyini açıq bildirməyənlərlə əməkdaşlıq mümkün olmayacaq: “Hazırkı məqamda partiyalar arasında funksional əməkdaşlıq mümkün ola bilər”.
Forumda hüquq müdafiəçisi Vidadi İsgəndərli, AMİP sədri Yusif Bağırzadə, KXCP sədri Mirmahmud Mirəlioğlu, ALP sədri Əvəz Temirxan da çıxış edib.
Tədbirdə bəzi beynəlxalq təşkilatların fəaliyyəti tənqid olunub və onlardan Azərbaycanda baş verən proseslərə diqqət ayırması istənilib, təkliflərin qruplaşdırılmasına dair razılıq da əldə olunub.
Qeyd edək ki, forumda Liberal, Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi, Milli İstiqlal, Demokrat, Vahid Azərbaycan Milli Birlik, Müsavat, Xalq, Ümid, Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi və Milli Demokrat (Bozqurd) partiyalarının və bəzi ictimai təşkilatların rəhbərləri iştirak edib.