APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni sənəd ilə əcnəbilərin və ya vətəndaşlığı olmayanların Azərbaycanda yaşama müddətində və onların qeydiyyata alınması prosedurasında dəyişikliklər ediləcək.
Ə. Hüseynli bildirib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydası yeni qanunla dəyişdirilir.
Belə ki, layihədə nəzərdə tutulur ki, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi ("qəbul edən tərəf") 3 iş günü ərzində əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi olduğu yer üzrə qeydiyyata alır və bu barədə 48 saat ərzində məlumat verir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:
1) viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;
2) viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılır. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, bu maddədə nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Layihədə göstərilir ki, 2013-cü il aprelin 1-dək verilən "Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqələr" etibarlılıq müddəti bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edən sənəd hesab olunur.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar həmin qanunun tətbiqi haqqında Əsasnaməyə də müəyyən əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur.
Müzakirələr zamanı deputat Yevda Abramov deyib ki, bu qanunda kiçik boşluq görür və bunu aeroportda hiss edib: “Əvvəllər Azərbaycana gələn şəxs 24 saat ərzində qeydiyyata düşməli idi. Vətəndaş Azərbaycanda 30 yox, 31 gün qalırdısa, onu təyyarədən düşürüb cərimələyirdilər. İndi də belə olacaq. Axı təyyarə hər gün uçmur. Fransada, ABŞ-da da vətəndaşın əcnəbilərin qala biləcəyi müddət 90 gün göstərilir. Rusiyada yaşayan azərbaycanlılar var. Prezident bəyan etmişdi ki, azərbaycanlılar həmişə bizim vətəndaşlarımızdır. İndi biz burada işi sadələşdirmirik, bir az da qəlizləşdirirk. İndiyə qədər insanlar 30 gün tamam olanda həmin gün sərhədi keçib, sonra yenə qayıdıblar. Moskvada da gedəndə 90 gün rahat qala bilirsən”.
Spiker Oqtay Əsədov deyib ki, Miqrasiya Xidməti qəbul edilmiş qanun əsasında işləyir: “Qanun layihəsində yazılıb ki, viza ilə gələnlər vizada göstərilən müddətdə qalmalıdır. İkinci, Əsasnamədə qeyd olunur ki, əcnəbi əlavə müddət qalmaq istəyirsə, əlavə sənədlər tələb olunur. Qarşılıqlı viza rejimi olmayan ölkələrdən gələnlər isə 90 gün qala bilər”.
Deputat Siyavuş Novruzov deyib ki, bəzən əcnəbilər otellərdə yox, şəxsi həyət evlərində qalmağa üstünlük verirlər: “Vətəndaş bu halda vergidən yayınmaq üçün bu barədə məlumat vermir, əcnəbi də gizli məqsədlə gəlirsə, gəlişi barədə məlumatın açıqlanmamasında maraqlı olur. Əgər düz məqsədlə gəlibsənsə, problem yoxdur, ev sahibi səni aparıb qeydiyyatdan keçirəcək. Avropanın istənilən ölkəsində nəzərdə tutulan müddətdən artıq 1 dəqiqə də yaşaya bilməzsən. Biz bu məsələlərə həssaslıqla yanaşmalıyıq. Biz nə Azərbaycana gələn turistlərin, nə də Rusiyada, Gürcüstanda yaşayan soydaşlarımızın qarşısını almaq istəyirik. Ölkə daxilində də qeydiyyat məsələsinə baxmalıyıq. İnsanlar var ki, rayonda qeydiyyatdadır, 7 ildir Bakıda yaşayır. Əgər o insan Bakıya işləməyə gəlibsə, bu da qanunla həllini tapmalıdır. Yoxsa vətəndaş yer dəyişirsə, qeydiyyatı olmalıdır ki, törətdiyi əmələ müvafiq addım atılsın”.
Spiker Oqtay Əsədov isə Siyavuş Novruzovun keçmiş sovet qeydiyyat sisteminə qayıtmaq istədiyini söyləyib: “Azərbaycan vətəndaşı ölkənin istənilən yerində yaşaya bilər”.
Deputat Qüdrət Həsənquliyev isə bu əlavə və dəyişikliklərə ehtiyac olmadığını deyib: “Biz turizm sahəsini inkişaf etdirmək istəyirik, eyni zamanda turistlərin gəlişini məhdudlaşdırırıq. Eyni zamanda biz İranda yaşayan soydaşlarımız üçün viza tətbiq etmiş oluruq. Belə çıxır ki, mən xarici ölkə vətəndaşıyam, Azərbaycanla tanış olmaq istəyirəm və 3 gün Bakıda, 3 gün Şəkidə, 3 gün də başqa şəhərdə qalmaq istəyirəm. İndi bunun üçün turist neçə dəfə qeydiyyatdan keçməlidir? Biz nəyə nail olmaq istəyirik? Ermənistan yanvardan Avropa Birliyinə üzv ölkələr üçün viza rejimini tamamilə qaldırdı. Biz də viza rejimini aradan qaldırmalıyıq ki, əcnəbilər Azərbaycana rahat gəlsinlər, pul xərcləsinlər”.
Spiker O. Əsədov deputat cavab olaraq deyib ki, əcnəbi vətəndaş heç bir əziyyət çəkməyəcək: “Məsuliyyət otelin, qaldığı yerin üzərində qalmış olacaq”.
Deputat Fazil Mustafa da layihənin əleyhinə çıxıb: “Əcnəbilər arasında Gürcüstan, Almaniya vətəndaşlığı olan azərbaycanlılar da var. Biz digər əcnəbilərlə xarici ölkə vətəndaşlığı olan həmvətənlərimiz arasında fərq qoymalıyıq. Layihənin azərbaycanlılarla bağlı hissəsi yüngülləşdirilməlidir. Bu gün Gürcüstanda yaşayan soydaşlarımızın iqtisadi baxımdan gözlərinin dikdiyi yer Azərbaycandır, biz bu layihə ilə onların işini daha da ağırlaşdırmış oluruq”. O “ASAN xidmət”i misal çəkərək bildirib ki, Azərbaycanda belə bir xidmətin işə düşməsi onu heyrətə salıb: “Belə bir gözəl xidməti biz gərək çoxdan işə salaydıq. İstəyirəm bu layihə də o xidmət kimi azərbaycanlılara kömək etsin”.
Spiker Oqtay Əsədov isə ona maraqlı cavab verib: “Fazil Mustfa özün dedin ki, ASAN xidmətinin olmasına inanmırdın, amma gördün, gözlərinə inanmadın. Mən səni əmin edirəm, bu layihə də uğurla işə düşəndə gözlərinə inanmayacaqsan”.
Hər iki sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Hər iki sənədə müvafiq olaraq “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə” də təsdiq edilib.