Bakı. Ramil Məmmədli - APA. Bu gün ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia və ABŞ Dövlət Departamentinin təmsilçisi Uendi Silverman bu ölkənin Azərbaycandakı səfirliyində bir sıra partiyaların sədrləri ilə görüşüb.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə VİP sədri Əli Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və İctimai Palatanın nümayəndəsi Mehriban Vəzir iştirak ediblər.
Partiya sədrləri ilə görüşdə ABŞ-Azərbaycan münasibətlərinin mövcud durumu və perspektivi, Azərbaycandakı ictimai-siyasi vəziyyət, qarşıdan gələn prezident seçkiləri və demokratiya ilə bağlı məsələlər ətraflı müzakirə olunub.