Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda parlamentdə müzakirə olunan növbəti ilin dövlət büdcəsi layihəsinə dair müzakirələr aparan İdarə Heyəti layihənin qüsurlarla hazırlandığını, sosial sahəyə, səhiyyəyə və təhsilə yenə də həddindən artıq az vəsait ayrıldığını bildirib.
ADP bir çox insanın ölümü ilə nəticələnən və Yaxın Şərq məsələsinin getdikcə dərinləşməsinə səbəb olan İsrailin Qəzza bölgəsinə hücumlarını da pisləyib. İdarə Heyəti noyabrın 17-də “Fəvvarələr meydanı”nda keçirilən aksiyada polisin hərəkətlərini insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması kimi dəyərləndirib. Toplantı iştirakçıları ölkə prezidentini aksiyada həbs edilən gənclərin azadlığa buraxılması və günahkar şəxslərin cəzalandırılması üçün addımlar atmağa çağırıb.
İdarə Heyəti üzvləri AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayevanın hicablı qızların məktəblərə buraxılmaması və yalnız dini təmayüllü məktəblərdə qızların hicab daşımasına icazə verilməsi təşəbbüsü ilə çıxış etməsini vicdan azadlığına qarşı yönələn hərəkət və vətəndaşların təhsil hüququnun pozulması kimi dəyərləndirib və parlamenti bu cür təşəbbüsləri müdafiə etməməyə çağırıb.
İdarə Heyəti üzvləri bəzi partiya liderlərinin qarşıdan gələn prezident seçkilərində ayrı-ayrılıqda namizədliyinin irəli sürməsi təşəbbüsü ilə çıxış etməsini müxalifətin ümumi birliyinə vurula biləcək ziyan kimi də dəyərləndirib və siyasi müxalifəti bir daha vahid namizəd, vahid komanda halında birləşərək seçkilərdə mütəşəkkil iştirak etməyə səsləyib.