Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın təşkilati və cari məsələləri müzakirə olunub. Öncə “Binə” Ticarət Mərkəzində və İsmayıllıda keçirilən kütləvi aksiyalar və bu hadisələrdən sonra həmin aksiyalarda iştirak edən şəxslərin həbsi müzakirə olunub. Həbslər pislənilib, hadisələrin aşkarlıq şəraitində araşdırılması üçün müstəqil ictimai təhqiqat komissiyasının yaradılmasının vacibliyi qeyd edilib.
İdarə Heyəti yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə münasibət bildirərək, bu əsəri bir daha mili mənafeyimizə uyğun olmayan bir əsər kimi dəyərləndirib, eyni zamanda Ə.Əylisliyə qarşı aparılan kampaniyaları pisləyib.
İdarə Heyəti Ədalət Partiyasının sədri, Milli Məclisin üzvü İlyas İsmayılovun Azərbaycanda bizneslə məşğul olan məmurlar və deputatların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə əlavələr təklifini həmin kateqoriyalara aid olan şəxslərin biznes fəaliyyətinin qadağan olunması ilə bağlı mövcud qanunvericiliyin reqlamentasiyasına istiqamətlənən müsbət təklif kimi dəyərləndirib, eyni zamanda bu təklifin Milli Məclis tərəfindən qəbul edilməməsini tənqid edib.
Toplantının sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.