Bakı. Ramil Məmmədli - APA. Bu gün ADP İdarə Heyətinin toplantısını keçirilib. ADP_nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
İdarə Heyəti Bakıda yaşanan kommunal problemlərlə bağlı da müzakirələr aparıb, şəhərin qışa hazır olmadığı qeyd edilib, böyük həcmdə maliyyə ayrılmalarına baxmayaraq şəhər əhalisinin istiliklə təmin edilməməsi tənqid olunub.
Toplantı iştirakçıları son vaxtlar Bakıda və şəhər ətrafı yaşayış sahələrində aparılan qeyri-qanuni söküntü işləri ilə bağlı narahatlıqlarını ifadə edib, kompensasiya ödənilmədən və yaşayış yeri ilə təmin olunmadan sakinlərin qış aylarında evlərindən çıxarılmasının yolverilməz olduğunu vurğulayıblar.
İdarə Heyəti Elşad Abdullayevin yaydığı qalmaqallı videomateriallarda rüşvət sövdələşməsinin vasitəçisi kimi iştirak edən Sevinc Babayevanın ötən ilin sonlarında Türkiyədə dünyasını dəyişməsini müəmmalı ölüm kimi dəyərləndirib, əsil həqiqətin ortaya çıxması naminə hüquq mühafizə orqanlarından obyektiv araşdırma tələb edib.
Sonda cari məsələlərlə bağlı bir sıra qərarlar qəbul olunub.