Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında görüş keçirilib.
VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya sədrlərinin ADP-nin qərargahında keçirilən görüşündə ölkədaxili vəziyyət və yaxın regionda cərəyan edən proseslər diqqət mərkəzində olub.
Prezident seçkiləri ərəfəsində ölkədə və xüsusilə müxalifət düşərgəsində yaranmış durumu ətraflı müzakirə edən S.Cəlaloğlu və Ə.Əliyev hakimiyyətə əks siyasi qüvvələrin bir araya gəlmək təşəbbüslərinin hələ də baş tutmamasını təəssüf doğuran hal kimi qiymətləndiriblər.
Mövcud şəraitdə ADP və VİP arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayan partiya sədrləri geniş spektr üzrə məsləhətləşmələrin davam etdirilməsini qərara alıblar.