A. Heydərlinin sözlərinə görə, müəyyənləşməyən bəzi məsələlər seçkilər ərəfəsində həll olunacaq: “Hazırda seçkilərdə iştirakla bağlı variantlar çözülür. Ən azı ölkədə seçici bazasına malik olduğumuzu göstərməliyik”.
Seçkilər ərəfəsində partiyanın qurultay keçirməsində ciddi problemin olmadığını deyən A. Heydərli qeyd edib ki, fevralın sonunadək partiyanın 10 rayon şöbəsinin hesabat-seçki konfransları keçiriləcək: “Şöbələrin konfranslarının keçirilməsinə rayon rəhbərləri tərəfindən süni maneələr yaradılır. Ancaq qurultayın bu günə qədər keçirilməsinə maneə yaradan əsas məqam partiya liderlərinin hələ də həbsdə olmasıdır. Ümid edirdik ki, sonuncu əfv sərəncamı ilə İslam Partiyasının həbsdə olan rəhbərləri azadlığa buraxılacaq. Lakin bu reallaşmadı. Bununla belə, düşünürük ki, partiyanın sədri Hacı Mövsüm Səmədov və digər partiya fəalları ənənəvi olaraq 28 may – Respublika Günü ərəfəsində imzalanan amnistiya aktı ilə azadlığa buraxılacaqlar. Hər bir halda may ayına qədər qurultayı keçirməyəcəyik”.
A. Heydərli partiyanın dövlət qeydiyyatına alınmasında ortaya çıxan problemdən də danışıb: “Artıq uzun müddətdir müvafiq sənədləri toplayıb Ədliyyə Nazirliyinə təqdim etmişik. Qeydiyyat məsələsinin həlli partiyanın prioritet istiqamətlərindən biridir”.
AİP sədrinin müavini dövlət qeydiyyatına alınma prosesinin sürətləndirilməsi məqsədilə partiyanın adında dəyişikliyin edilməsi imkanları haqda da danışıb: “Bu gün Azərbaycanda müasir İslam ideologiyasının siyasətə sirayət edilməsinin zəruriliyindən danışılır. Bizim partiyanın tarixi keçmişi var və bu təşkilat Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən qaynaqlanan ideoloji xəttə üstünlük verir. Hesab edirəm ki, hazırkı məqamda təşkilatın İslam Partiyası adı ilə qeydiyyatdan keçirilməsində problem olmamalıdır. Bizə bir şey aydındır ki, müəyyən Qərb dairələri Azərbaycanda İslam dəyərlərinin inkişafına mane olmaq üçün bizim partiyanın qeydiyyatına maneçilik törədirlər. Bu məsələ tərəfimizdən araşdırılır. Əgər qeydiyyat problemi partiyanın adı ilə bağlıdırsa, hökumətlə müəyyən danışıqlar aparıla bilər”.