APA-nın xəbərinə görə, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı “Facebook”dakı “İstefa” adlı qrupda AXCP rəhbərliyinə sərt mesaj göndərib.
Arif Hacılı yazır: “Xilas” qrupunda Mustafa Hacıbəylinin Avropa.info-ya müsahibəsindən sitat verilib. O, Əli Kərimlinin seçkilərlə bağlı mövqeyini şərh edib və öz fərqli mövqeyini açıqlayıb. Çingiz Mehdi profili ilə qoyulan bu statusa belə şərhlər var: “İsa Qəmbərlə Mirmahmudun, İqbalın nə fərqi var ki? Hamısı satılmış, şərəfsiz insanlardır. İnsan demək olarsa. Əli Kərimli Arif Hacılı və qardaşlarının hakimiyyətlə çirkin oyunlarını ifşa edir. Ona görə də...” Ardınca gələn tərbiyəsiz ifadəni yazmıram. Ad və soyadım da balaca hərflərlə yazılıb.
Bir sıra tanınmış AXCP üzvlərinin də bəyəndiyi bu yazılar Əli Kərimlinin birlik mövzusundakı çıxışından sitatlarla yanaşı verilib. Əvvəla, əgər İsa Qəmbəri, Arif Hacılını, Mirmahmud bəyi başqalarını satqın adlandırırsınızsa, birlikdən danışmaq nədir? İkincisi, Əli Kərimli mənim, qardaşlarımın hansı əlaqələrini aşkar edib? Heydər Əliyev 1 saylı fərmanı ilə məni dövlət müşaviri vəzifəsindən azad edib. Dərhal da parlamentdən kənarlaşdırıb. Bu rejim 20 ildir hər dəfə də seçilirəm, parlamentə buraxmır. Tanınmış siyasətçilərdən yeganə adamam ki, bu rejim tərəfindən 2 dəfə uzun müddətə dəfələrlə isə qısa müddətə həbs olunmuşam. Qardaşlarım da həmçinin. Hakimiyyətə qarşı mübarizəyə gəldikdə isə Əli Kərimlini heç vaxt mənim getdiyim yerə qədər getdiyini görməmişəm. Heç mənə güllə atılanda güllə səsi eşidilən yerə qədər də gəlməyə cəsarət etməyənlərin İsa Qəmbəri, məni və mənim silahdaşlarımı, o cümlədən qardaşlarımı bu mövzuda müzakirəyə çıxarmağa haqqı yoxdur. Bu, müttəfiqlik münasibətləri deyil. Bu düşmənçilik də yox, qəvi düşmənçilik münasibətidir”.