Bakı. Etibar Məmmədov-APA. “Milli Şurada təmsil olunan partiyaların özlərinin də Milli Şuranın gələcəyi, vahid namizədinin kim olacağı ilə bağlı müəyyən tərəddüdləri var. Onlar prosesin içində olaraq bu suallara cavab tapmağa və qərar verməyə çalışır”.
Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə verib.
Onun sözlərinə görə, Milli Şurada iştirakla bağlı qərar verən partiyaların özlərinin də qurumun gələcək fəaliyyəti, prezident seçkilərinə vahid namizədlə qatılması barədə müəyyən tərəddüdləri var və bundan asılı olaraq həmin partiyaların müəyyən qərarları ola bilər: “Milli Şuranın namizədi müəyyənləşsə belə, həmin namizədin hansı platformadan çıxış edəcəyi ilə bağlı qaranlıq məqamlar var. Ona görə də həmin partiyaların özlərinin də Milli Şura ilə bağlı ciddi sualları var. Biz həmin partiyaların verdiyi qərara hörmətlə yanaşırıq. Siyasi təşkilatlar prosesin içində olaraq həmin qaranlıq məqamları aydınlaşdırmaq istəyirlər. Şübhəsiz ki, həmin sualların cavabından asılı olaraq, Milli Şurada təmsil olunan istənilən siyasi partiyanın müəyyən qərarı ola bilər”.
Partiya funksioneri bildirib ki, AMİP də bu mövqedən çıxış edərək Milli Şurada təmsil olunmaq barədə qərar verməyə tələsmir: “Yəqin ki, yaxın gələcəkdə birmənalı qərar veriləcək. Hazırda Demokratik Qüvvələrin Məşvərət Məclisində olan və Milli Şurada təmsilçilik qərarı verən partiyalarla müzakirələr aparırıq. Bu müzakirələrdə AMİP-ə qaranlıq qalan məqamları aydınlaşdırmağa çalışırıq”.
A. Əlizadə onu da qeyd edib ki, AMİP-in prezident seçkilərində öz namizədi ilə iştirak məsələsi də müzakirə mövzusudur.