Bakı. Ramil Məmmədli - APA. “Müsavat Partiyasının mövqeyinə baxmayaraq, AXCP prezident seçkiləri ilə bağlı siyasi xəttində dəyişiklik etmək niyyətində deyil”.
Bunu APA-ya AXCP sədrinin müavini Asəf Quliyev deyib. O bildirib ki, AXCP-nin prezident seçkiləri ilə bağlı prinsipial mövqeyi var və bu siyasi xətt müxalifətin birliyinə yönəlib: “Biz çalışırıq ki, müxalifətdə və cəmiyyətdə barışdırıcı mövqe tutaq, bununla da birliyə nail ola bilək. Müxalifət düşərgəsində vahid namizədin müəyyənləşdirilməsi istiqamətində prosesin aparılması və dəstəklənməsi təqdirəlayiq haldır. Buna görə də AXCP müxalifətin bir araya gəlməsi və vahid namizəd məsələsində israrla dayanmağın tərəfdarıdır. Bəzi narazılıqlara baxmayaraq, partiyamız bu xəttin davam etdirilməsinə çalışır”.
A. Quliyev AXCP-də qurumun prezident seçkilərində namizədlə iştirak məsələsinin müzakirə mövzusu olmadığını da qeyd edib: “AXCP sədri Əli Kərimli də seçkilərlə bağlı mövqeyini açıqlayıb. Düşünürəm ki, AXCP müxalifətdə, ən əsası isə cəmiyyətdə birliyin yaranmasına nail olacaq. Buna ümid var”.
O, Müsavat Partiyasının başqanı İsa Qəmbərin ötən gün gənclərlə keçirdiyi görüşdəki çıxışı zamanı səsləndirdiyi bəzi fikirlərə də münasibətini bildirib: “AXCP bu səpkili açıqlamalardan və kiminsə hansısa mövqedə olmasından da narahat deyil. AXCP öz strateji xəttini - müxalifətin bir araya gəlməsi, demokratik seçki mühitinin yaradılması istiqamətində qüvvələrin birləşdirilməsi mövqeyini israrla müdafiə edəcək”.