Bank Of Baku

Asim Mollazadə: “Azərbaycan vətəndaşlarına şəxsiyyəti təsdiq edən vahid sənəd verilməsi zəruridir”

Asim Mollazadə: “Azərbaycan vətəndaşlarına şəxsiyyəti təsdiq edən vahid sənəd verilməsi zəruridir”
# 19 aprel 2013 11:48 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Bu gün Milli Məclisdə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanun layihələrinə dəyişikliklər müzakirə olunub. Müzakirələr zamanı deputatlar maraqlı təkliflə çıxış ediblər. APA-nın məlumatına görə, deputat Zahid Oruc bildirib ki, əslində ümumvətəndaş sözü düzgün seçilməyib.

 

Onun sözlərinə görə, “şəxsiyyət vəsiqəsi məsələsindən əl çəkib, pasporta qayıtmalıyıq”. Birinci vitse-spiker Ziyafət Əsgərov isə ona xatırladıb ki, şəxsiyyət vəsiqəsinin yuxarısında “Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd” sözü yazılıb. Deputat Asim Mollazadə Azərbaycanda şəxsiyyəti təsdiq edən vahid sənədin olmasını zəruri sayıb: “Vətəndaşla bağlı məlumatlar müasir texnologiyalardan istifadə etməklə biometrik sənəddə cəmləşdirilə bilər. Bu sənədlə həm ölkə daxilində hərəkət etmək, həm də xaricə getmək mümkün ola bilər”.

 

Deputat Fazil Mustafa da vahid sənəd formasının qəbulunun vacib olduğunu vurğulayıb: “Bu, həm vəsaitə qənaət etməyə səbəb olar. Digər tərəfdən, şəxsiyyət vəsiqəsinin 15 yaşdan etibarən verilməsi anlaşılandır. Türkmənistanda təbii sərvətlərin bir qismi vətəndaşlara ayrılır, vətəndaşlara göstərilən kommunal xidmətlərin müəyyən hissəsi pulsuzdur. Bəlkə də bu, milləti tənbəlliyə öyrədir. Ancaq Azərbaycanda işləməyən 15 yaşlı uşaq şəxsiyyət vəsiqəsi almaq üçün 20-30 manat rüsum ödəməlidir. Azyaşlıların rüsum ödəməsi məsələsi tamamilə aradan qaldırılmalıdır”.

 

F. Mustafa şəxsi qeydiyyat problemindən də danışıb: “Faktiki yaşadığın yerdə qeydiyyata düşmək imkanı yoxdur. Məsələn, mən evimi satıb, Yasamalda yeni binada mənzil alıb, təmir edib yaşayıram. Əvvəlki evimin hazırkı sahibi də oradan qeydiyyatdan çıxmağımı tələb edir. Lakin qeydiyyata düşə bilmirəm, çünki bina qeydiyyata alınmayıb. Özümlə bağlı misal çəkdim ki, vəziyyət daha aydın olsun. Çox insan bu problemdən əziyyət çəkir. İnsanların faktiki yaşadıqları yerlərdə qeydiyyata düşməsi asanlaşmalıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR