Bakı. Etibar Məmmədov – APA. “Bu günə qədər Milli Şuranın seçki qərargahı tam formalaşmalı idi. Lakin təəssüflər olsun ki, bütün bu məsələlər subyektiv və obyektiv səbəblərdən gecikir və belə çıxır ki, hazırda Milli Şura qarşısına qoyduğu mühüm vəzifəni tam olaraq sona kimi apara bilmir”.
Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev verib.
Onun sözlərinə görə, Milli Şuranın yaradılmasından kifayət qədər vaxt keçsə də, bu vaxta qədər qurumun seçki qərargahı formalaşmayıb və bu da narahatlıq yaradan məqamlardan biridir: “Çünki seçki elə bir prosesdir ki, bir seçki qurtaran kimi, ertəsi gün yeni bir seçki başlanır. Avropada bu proses belədir. Artıq bir neçə həftədən sonra seçki marafonu başlanır və imzatoplama kampaniyasına start veriləcək. Bəzi insanlar bu məsələlərin həllini vahid namizədlə əlaqələndirir ki, onun ölkədə olması işləri sürətləndirərdi. Bu təbiidir, vahid namizəd də Avropada görüşlər keçirir və müəyyən işlər görür. Milli Şurada təmsil olunan bütün qüvvələr başqa hisslərini, baxışlarını bir kənara qoyaraq seçki qərargahının yaradılması istiqamətində birləşməli idilər. Biz bunu görə bilmirik”.
R. Nurullayev qeyd edib ki, Milli Şuranın icraedici orqanının olmaması da onun işinə mənfi təsir göstərir və bütün bu məsələlər insanlarda narahatlıq yaradır.