Bakı. Etibar Məmmədov – APA. Bu gün Azərbaycan İslam Partiyasının qərargahında bir sıra siyasi partiya sədrlərinin iştirakı ilə “Qüds günü” ilə bağlı tədbir keçirilib.
APA-nın xəbərinə görə, İslam Partiyasının sədr əvəzi Elçin Manafov bildirib ki, Fələstinə dəstək verənlər həqiqi demokratiya və haqqın tərəfindədir. O qeyd edib ki, Azərbaycan xalqı hazırda fələstinlilərlə eyni vəziyyəti yaşayır: “Çünki biz işğala məruz qalmış xalqıq. Ona görə də məzlum Fələstin xalqının səsinə səs verək İsrailə öz etirazımızı bildirək”.
ADP sədri Sərdar Cəlaloğlu deyib ki, Qüds, Kəşmir, Qarabağ problemləri oxşardır və bunlar hamısı İslam dünyasının inkişafdan saxlamağa xidmət edir: “Bütün bu hadisələr göstərir ki, İslam qlobal bir dinə çevrilir. Eyni zamanda Yaxın Şərqdə baş verən problemlərin baş verməsi Qüds probleminin həllini gecikdirir. Qüds problemi təkcə Fələstin deyil, bütün İslam dünyasının problemidir”.
Yaşıllar Partiyasının sədri Mayis Əlizadə, VİP sədri Əli Əliyev də Qüds problemi, Yaxın Şərqdə baş verən hadisələr barədə məruzə ediblər.