Bakı. Etibar Məmmədov – APA. Azərbaycan İslam Partiyası (AİP) prezident seçkilərinə öz namizədi ilə qatılacaq. APA-nın məlumatına görə, bu barədə partiyanın sədr müavini Akif Heydərli deyib.
Onun sözlərinə görə, AİP prezident seçkilərində iştirak etmək barədə qərar qəbul edib və artıq seçki qərargahının formalaşdırılmasına başlanılıb: “Bizim Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovla martın 20-də 11 saylı cəzaçəkmə müəssisəsində 4 saatlıq görüşümüz olub. Görüşdə aparılan müzakirələrin nəticəsi olaraq, biz onun namizədliyini irəli sürmüşük. Partiya sədrinin seçkidə iştirakı mümkün olarsa, onun namizədliyi qeydə alınarsa, biz seçkilərə öz namizədimizlə qatılacağıq. Yaxın günlərdə partiyanın platforması elan olunacaq və seçki qərargahımız müəyyənləşəcək”.
Qeyd edək ki, AİP sədri Hacı Mövsüm Səmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.