APA-nın məlumatına görə, prezident İlham Əliyevə məlumat verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildiriblər ki, 2010-cu ilin martında “Çıraq” neft layihəsi üzrə 6 milyard dollar dəyərində işlənmə planına başlanılması ilə yeni, eyni zamanda, böyük investisiya layihəsinin ölkəmizin neft tarixinə daxil olmasına yol açılıb. “Qərbi Çıraq” adlanan bu layihə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda neft hasilatını sabitləşdirməyə və layların neft verimini maksimuma çatdırmağa yardım edəcək. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları qurğuların tikintisini və qabaqlayıcı qazma proqramını əhatə edir. Məbləğin qalan hissəsi isə hasilat müddəti ərzində platformadan hasilat quyularının qazılmasına sərf olunacaq. Azərbaycanın neft tarixində mühüm əhəmiyyətə malik olan bu qurğunun hazırlanması yerli mütəxəssislər tərəfindən həyata keçirilib və görülən işlər artıq ölkəmizdə neft sənayesinin inkişafının sürətlə davam etdiyini göstərir.
“Qərbi Çıraq” bp şirkətinin “Azəri-Çıraq-Günəşli” operatoru qismində inşa və istismar etdiyi dünya səviyyəli səkkizinci dəniz platformasıdır. Platformanın layihə gücü gündəlik 25 min ton neft və 6,5 milyon kubmetr qaz təşkil edir. Lakin platforma gündəlik 8 milyon kubmetr qaz ixrac edə bilər. Onun gün ərzində təqribən 2,3 milyon kubmetr qazlift təmin etmək gücü var.
Dövlət başçısı “Qərbi Çıraq” platformasının tikintisi və onun dayaq modullarının dənizdə quraşdırılmasından bəhs edən filmə baxıb.
“Qərbi Çıraq” platforması üçün dayaq bloku artıq bu ilin aprelində dənizdə quraşdırılmışdır. Xəzər regionunda indiyədək inşa edilmiş ən ağır “Qərbi Çıraq” dayaq blokunun ümumi çəkisi 18 min 200 ton, hündürlüyü 185 metrdir.
Sonra Prezident İlham Əliyev “Qərbi Çıraq” platformasının alt və üst göyərtələrini gəzərək qazma modullarına, elektrik generatorlarına və digər bölmələrə baxıb. Platformanın üst modullarının tikintisinə 2010-cu ilin iyulunda başlanıb. Hazırda isə qurğu tam hazırdır və dənizə yola salınmazdan əvvəl son istismar sınaqları aparılır. Platforma 18 min 500 ton çəkiyə malik olmaqla indiyədək Xəzər dənizinə buraxılmış ən ağır konstruksiya olacaq. Azərbaycan prezidenti platformanın tikintisində çalışan mütəxəssislərlə görüşüb. Daha sonra xatirə şəkli çəkdirilib.
“Qərbi Çıraq” platforması “STB-1” daşıma barjından istifadə etməklə sürüşdürmə metodu ilə vahid bir qurğu kimi quraşdırılacaq. Barjın özü modernləşdirilərək bu nəhəng yükü daşıya biləcək vəziyyətə gətirilib. Bu yük “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda quraşdırma işləri çərçivəsində bundan əvvəl ən ağır göyərtəyə malik “Şərqi Azəri” üst modullarının çəkisindən təxminən 2 min 500 ton artıqdır. Üst modulların dənizə yola salınması əlverişli hava şəraitindən asılı olaraq 2013-cü ilin avqustunda planlaşdırılır. Platformada hasilat işlərinə bu ilin dekabrında başlanacağı gözlənilir. Bu platforma “Şərqi Azəri” platformasının layihəsi əsasında hazırlansa da, ona əlavə olaraq elektriklə işləyən qaz ixracı kompressoru qaz turbini ilə çalışan əsas elektrik generatorları daxil edilib. Tikinti işləri texniki təhlükəsizlik üzrə ən yüksək standartlara tam uyğun şəkildə aparılmış və ötən müddətdə hər hansı qəza ucbatından itirilmiş iş günü qeydə alınmayıb. Platformaya Xəzər dənizində ilk dəfə istifadə olunacaq müasir texnologiyalar və əlavə avadanlıq da daxil edilib. Atqı əleyhinə preventor, qumun xaric edilməsi və təmizlənməsi, səviyyəölçən cihaz və qoşa porşen effektli kürəli siyirtmələr kimi texnologiyalar qarşıya qoyulan hədəflərə daha səmərəli surətdə nail olmağa imkan yaradacaq.
Quraşdırma işlərinin aparıldığı üç il ərzində yerli ehtiyatlardan istifadənin maksimuma çatdırılması başlıca prioritet olub. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti-quraşdırma işlərinə təxminən 4 min nəfər cəlb olunub ki, bunun da 90 faizə qədərini yerli işçilər təşkil edib.
Prezident İlham Əliyev platformada 175 nəfər üçün layihələndirilmiş yaşayış blokuna və mərkəzi nəzarət otağına baxıb.
Platformada iş prosesinə vahid nəzarətin həyata keçirildiyi bu blokda işçilərin və mütəxəssislərin yaşayıb işləməsi üçün hər cür şərait yaradılıb. Dövlət başçısı görülən işlərdən razılığını bildirib.