Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
APA-nın məlumatına görə, dövlət başçısı parkın ərazisində inşa edilmiş Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, park uzun müddət baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüş, burada qanunsuz tikililər, iaşə obyektləri inşa edilib. Təmir işləri zamanı qanunsuz tikililər sökülüb. Ərazisi 4 hektar olan parkda 20 min kvadratmetrlik sahədə yaşıllıq salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, 40-a yaxın oturacaq qoyulub, fəvvarə, mini futbol meydançası, istirahət guşələri yaradılıb. Parkın ətrafındakı evlərin və iaşə obyektlərinin dam örtükləri, fasadı yenilənib.
Parkla tanışlıqdan sonra prezident ictimaiyyət nümayəndələri ilə görüşüb.