Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən, FHN Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin müavini Kamil Əlibala oğlu Bağırova general-mayor ali hərbi rütbəsi, Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti Yusif Mahmud oğlu Nəbiyevə isə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib.
Prezident həmçinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, tikintidə təhlükəsizliyə nəzarətin həyata keçirilməsi və bu nəzarətin hüquqi təminatı sahələrində səmərəli fəaliyyətlərinə görə, Sadiqov Fəxrəddin Xəlil oğlu və Zeynalov Lətif Məcid oğluna “Əməkdar mühəndis”, Rzayeva Zenfira Süleyman qızına isə “Əməkdar hüquqşünas” fəxri adı verilib.