Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev fevralın 25-də MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçılarını qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı bu cür tədbirlərin dost ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən informasiya siyasəti və informasiya təhlükəsizliyi sahələrində əməkdaşlığın genişlənməsi istiqamətində önəmli hadisə kimi dəyərləndirib. Müasir dövrdə İnformasiya təhlükəsizliyinin enerji və ərzaq təhlükəsizliyi məsələləri ilə yanaşı, müzakirə olunduğunu qeyd edən prezident ölkədə KİV-in inkişafı ilə bağlı islahatların uğurla həyata keçirildiyini, bu istiqamətində məqsədyönlü tədbirlərin ardıcıl olaraq davam etdirildiyini vurğulayıb.
İnformasiya əldə etməyin hər bir vətəndaşın hüququ olduğunu deyən prezident İ. Əliyev informasiyanın mötəbərliyi və onun obyektivliyinə görə kütləvi informasiya vasitələrinin böyük məsuliyyət daşıdığını vurğulayıb. Dövlət başçısı təəssüflə qeyd edib ki, bəzən siyasi prioritetlərə, dünyagörüşünə, siyasi məqsədlərə görə informasiya ya təhrif olunmuş, ya da birtərəfli şəkildə verilir. Dünya ictimaiyyətinin diqqətini cəlb edən informasiyalar və onların bəzi kütləvi informasiya vasitələri tərəfindən çatdırılması üsulları buna əyani sübut ola bilər. Buna görə də bu gün vətəndaşlara nəinki təkcə düzgün və mötəbər informasiya, həm də müxtəlif mənbələrdən obyektiv informasiya lazımdır.
Dünyada və cəmiyyətdə kütləvi informasiya vasitələrinin rolunun daim artdığını obyektiv proses kimi dəyərləndirən prezident bununla əlaqədar dost ölkələrin informasiya agentlikləri arasında fəal əməkdaşlığın, həm gerçəkliklərin obyektiv işıqlandırılması, həm də təcrübə və informasiya mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
Dövlət başçısı qeyd edib ki, uzun illər ərzində mövcud olan MDB ölkələri Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurası bu məqsədlərə nail olmaqda vacib rol oynayır.
Ölkədə İKT-nin inkişafının əsas prioritetlərdən olduğunu diqqətə çatdıran prezident 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini, bu yaxınlarda Azərbaycanın ilk süni peykinin orbitə buraxıldığını, həmçinin yaxın zamanlarda İKT sahəsində çalışan yerli və xarici şirkətlərin fəaliyyətini cəmləşdirməyi nəzərdə tutan yüksək texnologiyalar parkının yaradılacağını deyib. O, MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının Bakıda keçirilən XVI iclasının kütləvi informasiya vasitələri arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı anlaşma və əməkdaşlığın daha da genişlənməsi baxımından faydalı və əhəmiyyətli olacağına əminliyini ifadə edib.
MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının - MDB İnformasiya Şurasının sədri, İTAR-TASS-ın kollegiya sədri Vitali İqnatenko Şura iclasının artıq dördüncü dəfə Bakıda keçirildiyini və tədbirlərin birində Heydər Əliyevin iştirakını xatırladıb. O, Azərbaycanda KİV-in və İKT-nin sürətli inkişafını xüsusi vurğulayıb.
İTAR-TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov informasiya agentlikləri arasında əməkdaşlığın bütövlükdə həmin ölkələr arasında olan münasibətlərin bir göstəricisi kimi dəyərləndirib. O, prezident İ. Əliyevə görüş iştirakçıları adından xatirə hədiyyəsi təqdim edib.
İTAR-TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Bakıda keçirilən növbəti iclasın uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.