Bakı. Mübariz Aslanov-APA. Yaxın zamanlarda Azərbaycanda varlı ailələrdən olan gənclərə, yaxud gənc ailələrə psixoloji yardımın göstərilməsi məcburi ola bilər. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsində nəzərdə tutulub.
Layihədə bildirilir ki, ölkədə əsasən imkanlı ailələrdən olan gənclərdə psixoloji durum kritik vəziyyətdədir və onların bu yardıma çox ehtiyacı var. Yeni hazırlanan qanunda gənc ailələr üçün sosial psixoloji xidmət də nəzərdə tutulub ki, bu da əsasən imkanlı ailələrdən olan gənclərə aiddir: “Pullu ailələrin övladlarının bu cür xidmətə ehtiyacı var, onların evə, maddiyata yox, əsasən psixoloji dəstəyə ehtiyacları var. Hansı ki bu, bu gün cəmiyyətin müxtəlif sferasında özünü göstərir”.
Qeyd edək ki, hazırda QHT-lər və gənclər təşkilatları qanun layihəsini müzakirə edirlər. Yaz sessiyasında komitənin ilk iclaslarının birində sənəd müzakirəyə çıxarılacaq.