Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda bu ilki prezident seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyası (MSK) maarifləndirmə işləri aparacaq. Bu barədə APA-ya MSK-nın sədr müavini Natiq Məmmədov məlumat verib.
N.Məmmədov qeyd edib ki, MSK hər il aşağı seçki komissiyalarının üzləri və seçicilər də daxil olmaqla maarifləndirmə işlərini hər yerdə aparır, bu il seçki ili olduğu üçün bu işlər xüsusi aktivliklə həyata keçiriləcək.
Onun sözlərinə görə, bununla bağlı MSK xüsusi nəşrlər, eyni zamanda seçkilərlə bağlı bir sıra vəsaitlərin təkmilləşdirilməsini də edəcək: “Bura eyni zamanda peşə vərdişlərinin daha da təkmilləşdirilməsi, normativ bazanın hazırlanıb aşağı komissiya üzvlərinə çatdırılması, xüsusi materialların hazırlanması və s. məsələlər də daxildir. Bu il bu məsələlər daha intensiv şəkildə aparılacaq”.
N.Məmmədov bildirib ki, maarifləndirmə xidmətləri işləri çərçivəsinə namizəd olacaq şəxslərin, müşahidəçilərin və seçkidə iştirak edən siyasi partiyaların, blokların da maarifləndirilməsi daxildir.