APA-nın məlumatına görə, o, Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin də bu addımı atmasını istəyib. O bu nazirliklərin rəhbərlərinə ən azı bazarlara çıxaraq ərzaq məhsullarının təhlükəsizliyi və satışı ilə yaxından tanış olmağı tpvsiyə edib.
Deputat Azər Badamov da hesabatı uğurlu sayaraq ona səs verəcəyini bildirib və baş nazirin diqqətinə təmsil etdiyi Qusar rayonunun bəzi problemləri çatdırıb. O rayon mərkəzində yerləşən uşaq bağçasının, mərkəzi prospektin, magistral yolun yenidən təmir olunmasının vacibliyini bildirib.
Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, ötən il hökumətin gördüyü iş müsbətdir və hər şey göz qabağında olduğu üçün görülən işləri inkar etmək mümkün deyil. Q. Həsənquliyev bəzi problemləri də diqqətə çatdırıb. O qeyd edib ki, Bakının mərkəzində sıxlıq son vaxtlar xeyli artıb, tixac problemini aradan qaldırmaq mümkün olmur, şəhərə axın çoxalır. O çıxış yolu kimi regionların inkişafına diqqətin daha da çoxaldılmasını vacib sayıb. Deputat nəzərə çatdırıb ki, regionların inkişafı ilə bağlı dövlət başçısı tərəfindən xüsusi proqramlar qəbul olunur, amma bu istiqamətdə əlavə addımlar atılmır: “İndi Abşeronda Texnoloji Park salınır, yenə sahibkarlar Bakıya axışacaq. Regionların inkişafı ilə bağlı dövlət başçısı tərəfindən xüsusi proqramlar qəbul olunur, ancaq bu istiqamətdə əlavə addımlar atılmır. Bakıdan regionlara axın lazımdır”.
Q. Həsənquliyev məhkəmələrdə bir çox hallarda ədalətsiz qərarlar qəbul edildiyini söyləyib: “Yaxşı ki, Bakı Apelyasiya Məhkəməsi var. Ancaq bu Apelyasiya Məhkəmənin qərarını da Ali Məhkəmə ləğv edir. Biz niyə andlılar məhkəməsi institutunu tətbiq etmirik? Hökumətin vəzifəsi təkcə iqtisadi göstəricilər barədə məlumat vermək deyil, vətəndaş cəmiyyəti quruculuğu da hökumətin üzərinə düşür”.
Deputat Vahid Dövlət İstintaq Komitəsinin yaradılmasına da ehtiyac olduğunu vurğulayıb. O, qaçqın və məcburi köçkünlər üçün binaların tikilməsinin çox yaxşı hal olduğunu bildirib: “Ancaq niyə bu binalar Qusarda, Balakəndə tikilməsin? Axı onsuz da Bakıda kifayət qədər sıxlıqdır. Həmin rayonlarda qaçqın və məcburi köçkünlər üçün evlərin tikilməsi dediyim və demədiyim bir sıra problemlərin həllinə səbəb olar”.
Qüdrət Həsənquliyev keçən il Rusiyanın Qəbələ Radiolokasiya Stansiyasını (RLS) boşaltmasını Azərbaycan hökumətinin böyük uğuru olduğunu vurğulayıb.
Millət əkili Tahir Rzayev bildirib ki, ölkədə inkişafı gözü götürməyənlər, demokratiyadan dəm vuranlar qanunsuz aksiyalar keçirir, sabitliyi pozmağa çalışırlar. O, respublikada yüksək ixtisaslı həkimlər olduğu halda İran kimi ölkələrdən “möcüzəli müalicələr” vəd edən savadsız həkimlərin ölkəyə axmasının qarşısını almağı zəruri sayıb.