Bakı. Ramil Məmmədli - APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
Bu məlumatı APA-ya DQMM İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc verib.
O bildirib ki, paytaxt rəhbərliyi qurumun aprelin 28-nə təyin etdiyi mitinqin müraciətdə qeyd olunduğu yerlərdə keçirilməsini məsləhət bilməyib. BŞİH mitinq üçün Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı məqbul hesab edib.
Mitinqin keçirməkdə israrlı olduqlarını deyən Ə.Orucun sözlərinə görə, istənilən halda yekun qərar DQMM-nin aprelin 26-da keçirilən növbədənkənar yığıncağında veriləcək.
Qeyd edək ki, müraciətdə keçirilməsi üçün 3 yer - Nizami rayonu, “Təbriz” kinoteatrının qarşısındakı meydan, Binəqədi rayonu, metronun “Dərnəgül” stansiyasının çıxışındakı dəmiryolu deposu yaxınlığında yerləşən meydan və Nəsimi rayonu, 20 Yanvar küçəsi, 4-cü mikrorayondakı məhəllə stadionu məqsədəuyğun hesab olunub.