Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mənzil-qərargahında partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevlə ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri xanım Santa Orr arasında görüş keçirilib. BAXCP-dən APA-ya verilən məlumata görə, görüş ABŞ səfirinin müşavirinin təşəbbüsü ilə baş tutub.
Görüşdə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cinayət məsuliyyətinin internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq edilməsi ilə bağlı parlamentin müzakirəsinə təqdim edilən qanun layihəsi, seçkiqabağı vəziyyət və Dağlıq Qarabağ problemi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə ABŞ səfirliyinin siyasət şöbəsinin əməkdaşı Bəhruz Məmmədov və BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli də iştirak ediblər.
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası da keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
BAXCP sədri HATO-nun Gürcüstanın paytaxtında keçirilən "Rouz Rous" seminarında müzakirə olunan məsələlərlə bağlı İdarə Heyətinin üzvlərinə ətraflı məlumat verib. İclasda daha sonra ictimai-siyasi vəziyyət və təşkilat məsələlərilə bağlı müzakirələr aparılıb.