Bakı. Pərvin Abbasov-APA. Milli Məclisdə 2013-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ölkənin milli maraqlarının qorunması üçün xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərə dövlət tərəfindən ayrılan vəsaitin artırılmasını təklif edib. APA-nın məlumatına görə, o, söylədiklərinin milli maraqların müdafiəsi üçün əhəmiyyət kəsb etdiyini söyləyib: “Bu məqsədlə büdcəyə təkrar baxılması zamanı Şuraya ayrılan vəsaitin artırılması məqsədəuyğun olardı”.
BAXCP sədri Qüdrət Həsənquliyev isə çıxışında bildirib ki, iqtisadi sahədə islahatlar aparılmalıdır. O, 2013-cü il dövlət büdcəsində hərbi xərclərin 25 faiz artırılmasını da təklif edib. BAXCP sədri elm və təhsil sahəsinə ayrılan vəsaitin artırılmasının zəruriliyini də vurğulayıb: “Müəllimlərin, həkimlərin maaşları artırılmalıdır”.
Q. Həsənquliyev Naxçıvan Muxtar Respublikasına 2013-cü ildə ayrılan vəsaitin 1 faiz azaldılmasının da düzgün olmadığını bildirib.
MM sədri Oqtay Əsədov isə deyib ki, Azərbaycanın hərbi büdcəsi kifayət qədərdir: “Azərbaycan və Ermənistanın hərbi gücünü müqayisə etmək səhvdir. Amma biz ölkəmizi militarist ölkə elan edə də bilmərik”.