Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və Bütöv Azərbaycan Ocaqları (BAO) İrandakı azərbaycanlıların hüquqları mövzusunda birgə bəyanatla çıxış edib. BAXCP-dən APA-ya verilən məlumata görə, bəyanatda Güney Azərbaycanda milli hüquqları uğrunda mübarizə aparan azərbaycanlıların qanunsuz təzyiq, təqib və işgəncələrə məruz qaldıqları bildirilir.
Bəyanatda Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) sədri Lətif Həsənli, Yeni GAMOH Mərkəzi Komitəsinin üzvləri Yürüş Mehrəlibəyli Mahmud Fəzli, milli fəallar Şəhram Radmehr, Məmməd Cərrahi, Mehdi Həmidi Şəfiq, Əziz Purvəli, Həsən Ərk, Əhməd Rzayi Mübarəki, Mehdi Kuxian, Höccətülislam Əbdüləziz Əzim-Qədimi, Davud Əzimzadə, Abbas Vəlizadə, Əmir Çəmənli, Behnam Cəfəri, Bəhmən Xaliqi, Mənijə Bəhluli, Murtaza Muradpur, Səid Mətinpur, Şahrux Zamanlı, doktor Əsədulla Əsədi, Şəhram Dadaşi, Məsud Bayrami və Cavid Həzminin qanunsuz olaraq həbs edilmələri, təzyiq və işgəncələrə məruz qalmaları, ailə üzvlərinin təqib edilmələri də qeyd olunub: “Bütün beynəlxalq təşkilatları adı çəkilən şəxslərin azad edilməsi üçün İran rejiminə təzyiq göstərməyə, sayı 35 milyondan çox olan Güney Azərbaycan türklərinin hüquqlarının qorunması üçün əməli addımlar atmağa çağırırıq”.