RİH-dən APA-ya verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsal İsmayılov cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
O qeyd edib ki, demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir: “Bütün çətinliklərə və ideoloji çərçivələrə baxmayaraq, o dövr Azərbaycan üçün uğurlu olmuşdur. 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etsə də, müstəqilliyin ilk illəri çətin keçdi. Həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalıq ölkəmiz üçün böyük təhlükə idi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısı alındı, respublikada sabitlik yarandı, inkişaf dövrü başladı, dövlətçiliyimizin əsasları formalaşdırıldı və ümumi inkişaf strategiyası müəyyənləşdirildi”.
Tarix elmləri doktoru, professor Anar İsgəndərov 1993-2003-cü illərdə ölkəmizin böyük uğurlu yol keçdiyini və bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndiyini, Azərbaycanın inkişaf tempinə görə dünyada lider ölkə olduğunu vurğulayıb.
Daha sonra tədbir bədii hissə ilə davam edib.