Bank Of Baku

BQP: İrəvan-Van aviareysinin açılması Türkiyənin qarşılıqsız güzəştidir

BQP: İrəvan-Van aviareysinin açılması Türkiyənin qarşılıqsız güzəştidir
# 18 mart 2013 15:04 (UTC +04:00)

Bakı – APA. Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.

 

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BQP başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda ictimai-siyasi vəziyyət, qərarların icra vəziyyəti, eləcə də ölkə və dünya gündəmində yer alan bir sıra məsələlər müzakirə edilib.


Siyasi Qurul partiyanın Füzuli və Balakən rayon təşkilatlarının yaradılması istiqamətində aparılan təşkilati işlərin gedişi haqında məlumatı dinləyib.


İclas evsiz insanların faydalanması üçün nəzərdə tutulan ipoteka şərtlərinin ağırlığına diqqət çəkib. Qeyd edilib ki, ipoteka kreditlərinin 8 faizlə verilməsi 200 manat məvaciblə dolanmağa məcbur olan gənc ailələr üçün onu əlçatmaz edir. Toplantı cəmiyyətdə təbəqələşmə, qütbləşmə risklərinin artdığına diqqəti cəlb edərək, ölkədə islahat aparmaq imitasiyasından əl çəkməyin və real nəticələrə hesablanmış ciddi sosial-iqtisadi siyasətin aparılmasının vacibliyini vurğulayıb.


Siyasi Qurulda Litva Seymində təmsil olunan Əmək Partiyasının bu il martın 14-də Seymin iclasında beynəlxalq hüququn subyektləri tərəfindən tanınmamış “Dağlıq Qarabağ Respublikası” üzrə parlamentlərarası dostluq qrupunun yaradılmasını elan etməsinə etiraz edilib.


İclas ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepperin ABŞ təhlükəsizliyinə təhdidlər barəsində Konqresə təqdim etdiyi hesabatında ABŞ-ın bölgədəki vəziyyətlə bağlı narahatlığını bildirməsini müsbət qiymətləndirib. Eyni zamanda ATƏT-in Minsk Qrupunun üzvü olan ABŞ-ın bölgədə təhlükə doğuran proseslər qarşısında daha kəskin və təsirli mövqe nümayiş etdirməsinin, regionda qarşıdurma yaratmağa meylli olan qüvvələrə qarşı daha iradəli siyasət sərgiləməsinin ciddi nəticələr doğurması baxımından ənəmiyyətli olacağını qeyd edib.


Siyasi Qurul İrəvan-Van aviareysinin açılmasına da münasibət bildirib: ”Türkiyə tərəfindən Naxçıvana avtomobil yolunun açılması da daxil olmaqla, çoxsaylı təkliflərin ermənilər tərəfindən rədd edilməsi müqabilində bu aviareysin açılması Türkiyənin qarşılıqsız güzəşti kimi qiymətləndirilə bilər. Ciddi iqtisadi səmərədən uzaq, lakin ermənilərin konkret siyasi hədəflərindən xəbər verən bu addım ilk növbədə qardaş Türkiyə ilə Azərbaycan arasında soyuqluq yaratmağa hesablanıb. Məkrli niyyətlərini gerçəkləşdirmələri üçün düşmənə bu fürsət verilməməlidir”.


Sonda Böyük Quruluş Partiyasının Siyasi Qurulu bütün Azərbaycan xalqına, dünyada yaşayan soydaşlarımıza Novruz bayramı münasibətilə təbrik ünvanlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR