Bakı – APA. Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BQP Başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
İclas iştirakçıları Ermənistan silahlı qüvvələri Xocavənd rayonunun Qaradağlı kəndində yaşanan faciənin 21-ci ildönümünü bir dəqiqəlik sükutla yad ediblər. Siyasi Qurul ciddi ictimai narazılıqlara səbəb olan, xalqın etimadını itirən kadrların dəyişdirilməsini müsbət qiymətləndirməklə bərabər, bu prosesin ardıcıl və köklü mahiyyət kəsb edən islahatlara dönüşmədiyi təqdirdə, dayanıqlı fayda verməyəcəyi qənaətində olduğunu ifadə edib.
İclas kütləvi aksiyalarda gənclərin böyük məbləğdə cərimələnməsinin problemlərin həllinə təsir etməyəcəyini vurğulayıb və buna etirazını bildirib: “Aksiyaların qarşısının alınmasına müsbət heç nə verməyən cərimələrin artırılması və gənclərlə bu cür rəftar edilməsi əvəzinə, etirazlara səbəb verən problemlərin həlli üzərinə gedilməsi daha effektiv nəticələr doğurardı”.
Siyasi Qurul təhsil kreditlərinin verilməsi sahəsindəki vəziyyətə münasibət bildirib: “Dünyanın bir sıra ölkələrində tətbiq olunan təhsil krediti tələbələrə təhsil haqlarını 20-30 ilə ödəmək imkanı yaradır. Bu gün ABŞ-da təhsil kreditləri 3,8-5%, İsveçdə 1%, digər Avropa ölkələrində ümumi götürüldükdə 3%-dən aşağıdır. Rusiyanın bəzi bankları tərəfindən güzəştlə verilən təhsil kreditlərinin faizi 5,06%-dir. Azərbaycanda isə bankların faiz dərəcələri 17-34% arasında dəyişir. BQP Siyasi Qurulu hesab edir ki, hazırlanan “Təhsil kreditləri haqqında” qanunda nəzərdə tutulan təhsil kreditləri mümkün olduqca uzun müddətlə və aşağı faizlə verilməlidir. Belə olarsa, yoxsul ailələrdən çıxan istedadlı gənclərin keyfiyyətli təhsil almasına şərait yaranar və bu da öz növbəsində cəmiyyətdə dərinləşməkdə olan təhlükəli qütbləşmənin nisbətən mülayimləşmə ilə əvəz olunması ilə nəticələnər”.
İclas Azərbaycanda məmurların, deputatların və digər ictimai-siyasi xadimlərin şəxsi həyatlarının və görüşlərinin gizli cəhətlərinin onların razılığı olmadan video, audio və foto lentə alınmasını qadağan edən xüsusi qanun layihəsinə də münasibət bildirib. Qeyd edilib ki, məmurlar, deputatlar ictimai şəxs olduqlarına görə onların cəmiyyətdəki həyatı, ictimai yerlərdəki davranışı gizlin qalmamalıdır: “Vəzifəli şəxsin özəl ailə-məişət həyatı çıxılmaqla bütün halları, bütün situasiyalardakı vəziyyəti cəmiyyət üçün açıq olmalıdır. Həmin qrupdan olan insanlar hər yerdə öz hərəkət və davranışlarına nəzarət etməlidirlər. BQP qəbul edilməsi nəzərdə tutulan yeni qanunun jurnalist haqları, ifadə azadlığı və insan hüquqları baxımından zərərliliyini və qanunsuzluqların artmasına rəvac verəcəyini nəzərə alıb buna öz etirazını bildirir”.