Bakı. Şamil Əlibəyli – APA. Böyük Quruluş Partiyası (BQP) yeni yaranmış Milli Şurada iştirak etməyəcək. Bunu APA-ya açıqlamasında millət vəkili, BQP başqanı Fazil Mustafa deyib.
Milli Şuranın yaranmasına münasibət bildirən BQP başqanı qeyd edib ki, siyasi qüvvələr hər hansı şəkildə toplanıb müəyyən formatda birləşə bilərlər: “Bu bir hüquqdur, ona görə də bunun lehinə və ya əleyhinə danışmaq üçün həmin qurumun fəaliyyətini izləmək lazımdır. Yəqin ki, yaxın zamanlarda Milli Şuranın fəaliyyəti Azərbaycanda demokratiya və ya müəyyən islahatlar aparılması uğrunda nə qədər faydalı olacaqsa, ona müsbət və ya mənfi münasibətimizi ortaya qoyacağıq. İndiki halda bu qüvvələr konstitusion hüququndan istifadə ediblər, bir format yaradıblar. Fəaliyyətdən sonra isə ona qiymət vermək cəmiyyətin üzərinə düşür, o cümlədən biz də öz qiymətimizi verəcəyik. BQP yeni yaranmış Milli Şurada iştirak etməyəcək. Çünki biz Azərbaycanda demokratik cəmiyyət quruculuğu yollarını fərqli görürük və bu yolun daha da real gerçəkləşdirilməsi istiqamətində proqram üzərində çalışırıq, fəaliyyətimiz də buna yönəlib”.
Prezident seçkilərində iştirakı ilə bağlı sualı cavablandıran Fazil Mustafa qeyd edib ki, belə bir qərar var: “Amma partiyanın seçkilərdə hansı formada iştirak edəcəyi hələ müəyyənləşdirilməyib. Seçkilərin nəticələrini indidən görmək mümkün deyil. Hər halda, seçkilərə gedəcəyiksə, inanırıq ki, cəmiyyət tərəfindən böyük dəstək qazanacağıq”.