Bank Of Baku

BQP Siyasi Qurulu: ”Sosial problemlərə lazımi diqqət və əhəmiyyət verilməlidir”

BQP Siyasi Qurulu: ”Sosial problemlərə lazımi diqqət və əhəmiyyət verilməlidir”
# 01 aprel 2013 18:54 (UTC +04:00)

Bakı-APA. Bu gün Böyük Quruluş Partiyasının mərkəzi qərargahında partiyanın Siyasi Qurulunun növbəti toplantısı olub. BQP Başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda ictimai-siyasi vəziyyət, qərarların icra vəziyyəti, eləcə də ölkə və dünya gündəmində yer alan mühüm məsələlər müzakirə olunub. Partiya Başqanı qurum üzvləri qarşısında ictimai-siyasi vəziyyət mövzusunda geniş məruzə ilə çıxış edib.


İclas iştirakçıları tərəfindən 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar erməni-rus birlikləri tərəfindən qətlə yetirilən on minlərlə günahsız dinc insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın ərazisinin ermənilərdən təmizlənməsində müstəsna rola malik Qafqaz İslam Ordusunun xidmətləri minnətdarlıqla xatırlanıb. Nuru paşanın Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri xüsusi vurğulanaraq, onun xatirəsinin əbədiləşdirilməsinin vacibliyi qeyd edilib. 


Siyasi Qurul son vaxtlar özünü qorumaq imkanları olmayan insanlara - uşaqlara, qadınlara, yaşlılara qarşı qəddarlıq hadisələrinin artdığına diqqəti çəkərək, sosial ədalətin və humanizm prinsipinin pozulmaması, cəzaların tətbiqi zamanı bütün tərəflərin mənafeyinin və zərərçəkənlərin hüquqlarının qorunmasının təmin edilməsi üçün xüsusilə ağır cinayətlərə görə ölüm cəzasının müstəsna cəza tədbiri kimi tətbiqinin məqsədəuyğunluğunu qeyd edib. 
 

İclasda 2013-cü ilin ilk 3 ayı ərzində müxtəlif səbəblərə görə ölkədən getmək üçün müvafiq qurumlara müraciət edənlərin sayının ən yüksək həddə çatmasına dair açıqlamalardan narahatlıq ifadə edilib: “Müraciətlər müxtəlif motivli olsa da, onların əhəmiyyətli hissəsinin sosial problemlər, işsizlik, sosial müavinətlərin yetərli olmamasından qaynaqlandığı aydın olur”. İclas vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi üçün sosial problemlərə lazımi diqqət və əhəmiyyətin verilməsinin, əhalinin aztəminatlı təbəqəsi üçün xüsusi proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıb.


Sonda BQP Ali Məclisinin sədri Ə.Əliyev partiyanın yerli strukturlarının möhkəmləndirilməsi istiqamətində görülən işlər və BQP-nin 10 illik yubiley tədbirinin keçirilməsi üçün müəyyən edilmiş məsələlərin icrası barədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR