Bakı - APA. Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.
BQP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya Başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən toplantıda ictimai-siyasi vəziyyət, qərarların icra vəziyyəti, BQP-nin yaradılmasının 10 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması və digər məsələlər müzakirə edilib.
İclas Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycana səfəri başa çatdıqdan sonra Tiflis aeroportunda jurnalistlərə verdiyi açıqlamasına münasibət bildirib. Qeyd edilib ki, Ermənistandakı hərbi-texniki bazasını gücləndirməsi, orada hərbi zavod tikməyi planlaşdırması, Xəzər dənizində hərbi kontingentini artırması və digər faktlar Rusiyanın Qafqazda təsir imkanlarını genişləndirmək və Azərbaycanı öz nüfuz dairəsinə salmaq üçün aktiv fəaliyyətə keçdiyindən xəbər verir: “Bu baxımdan Saakaşvilinin Azərbaycan və Gürcüstan üçün ciddi təhlükənin mövcudluğuna dair açıqlaması əhəmiyyətsiz qarşılanmamalı, ciddi məlumat kimi diqqətdə saxlanılmalıdır”.
Siyasi Qurul Azərbaycan Ordusunun əsgəri Seymur Allahverdiyevin müəmmalı şəkildə ölümündən təəssüfləndiyini bildirib və orduda baş verən ölüm faktlarının artmasından narahatlığını ifadə edib. Eyni zamanda neqativ halların qarşısının alınması üçün baş verən cinayətlərə görə cəzaların labüdlüyünün təmin edilməsi, ordu üzərində ictimai və parlament nəzarətinin yaradılmasının vacibliyi qeyd edilib, keyfiyyətcə yeni və ciddi islahatlar aparılmasının, peşəkar orduya keçidə başlanmasının vaxtının çatdığı vurğulanıb.
İclas bu yaxınlarda Fransa Milli Assambleyasında bir neçə deputatın iştirakı ilə erməni icmasının keçirdiyi tədbirdə iki azərbaycanlı tələbə - Mirvari Fətəliyeva və Vüsal Hüseynovun döyülməsi faktını pisləyib və bu hadisəni erməni vəhşiliyinin növbəti nümayişi adlandırıb: “Azərbaycanlı tələbələr dünyada demokratiyanın simvolu kimi qəbul olunan Fransada fikir və söz azadlığı hüququnun qorunduğuna arxayın olaraq, toplantı iştirakçıları ilə razı olmadıqlarını nümayiş etdiriblər və nəticədə Fransa parlamentinin üzvünün bilavasitə təhriki ilə vəhşicəsinə döyülüblər. Fransa dövləti tərəfindən utancverici hadisəyə aydınlıq gətirilməli, baş vermiş insidentin obyektiv istintaqı aparılmalı, günahkarlar cəzalandırılmalıdır”.
Sonda Siyasi Qurul Partiyanın yaradılmasının 10 illik yubiley tədbirlərinin keçirilməsi ilə bağlı BQP başqanının sədrliyi ilə Təşkilat Komitəsinin tərkibini və tədbirlər planını təsdiq edib.