Bakı-APA. Azərbaycan Tibb Universitetində (ATU) “Məzun günü” keçirilib. ATU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə təhsilini bitirən gəncləri ilk olaraq ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov təbrik edib. Ə. Əmiraslanov mərasimə toplaşan qonaqlara universitetin tarixi, fəaliyyəti haqqında məlumat verib. Rektor son illərdə universitetdə aparılan yeniliklər, tikilmiş klinikalar haqqında danışaraq gözlənilən yeniliklər barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Rektorun çıxışından sonra bu il universiteti əla qiymətlərlə bitirən məzunlara diplomlar təqdim olunub. ATU-nun Elmi işlər üzrə prorektoru İbrahim İsayev, ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev əlaçılara diplomları təqdim ediblər.
2012-2013-cü tədris ilində ATU-nun 1214 məzunu olub. Bunlardan 49-u hərbi həkim, 47 nəfəri hərbi feldşerliyi bitirib. Təhsil pillələrinə gəlincə, məzunlar arasında 1157 bakalavr (ali tibb təhsili), 10 magistr var. Məzunların 76 nəfəri fərqlənmə diplomuna layiq görülüb. ATU-nu müvəffəqiyyətlə bitirənlər arasında 7 xarici ölkədən 176 tələbə olub.
“Məzun günü”ndə səhiyyə nazirinin müavini Elsevər Ağayev də iştirak edib.