Bank Of Baku

Demokratik Qüvvələrin Məşvərət Məclisi “Dağlıq Qarabağ Forumu” keçirib

Demokratik Qüvvələrin Məşvərət Məclisi “Dağlıq Qarabağ Forumu” keçirib
# 15 mart 2013 10:19 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında (KXCP) Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) təşkilatçılığı ilə “Dağlıq Qarabağ Forumu” keçirilib. APA-nın məlumatına görə, siyasi partiyaların, QHT rəhbərlərinin iştirakı ilə keçən forumda Dağlıq Qarabağ probleminin həlli, münaqişənin bugünkü vəziyyəti barədə dinləmələr keçirilib.

 

Tədbirdə çıxış edən AMİP sədri Yusif Bağırzadə Qarabağ probleminin Məşvərət Məclisinin gündəmindən çıxmadığını, bu məsələyə aid müzakirələrin mütəmadi keçirildiyini qeyd edib. Son zamanlar münaqişənin həlli ilə bağlı durğunluq nümayiş olunduğunu bildirən Y. Bağırzadənin sözlərinə görə, problemin həll olunacağına dair cəmiyyətdə əhval-ruhiyyə yaradılmır.

 

Azadlıq Partiyasının sədri Əhməd Oruc Qarabağ münaqişəsinin həlli istiqamətində indiyədək görülən işlər barədə məlumat verib. O, hazırda problemlə bağlı danışıqların qəsdən uzadıldığını, digər dövlətlərin də bu münaqişənin uzadılmasında maraqlı olduğunu bildirib.

 

ACP sədri Sülhəddin Əkbər isə münaqişəyə geniş prizmadan baxmağın daha doğru olduğunu və  problemin artıq regional problemdən çox beynəlmiləlləşdiyini vurğulayıb: “Düşünürəm ki, Qərb dövlətləri Türkiyə-Ermənistan münasibətlərinin yenidən qurulmasına cəhdlər edəcək və nəticədə münaqişə yenidən beynəlxalq səviyyədə gündəmə gələcək. ATƏT-in Minsk Qrupunun fəaliyyəti qənaətbəxş deyil və qurumun yeni tərkibinin ABŞ-Türkiyə-Rusiya formatında müəyyən olunması daha məqsədəuyğundur”.

 

KXCP sədri Mirmahmud Mirəlioğlu da münaqişənin həllinin vacibliyini vurğulayıb.

 

Münaqişənin həlli istiqamətində hüquqi mübarizənin artırılmasının vacibliyini qeyd edən, ALP sədri Əvəz Temirxannın sözlərinə görə, problemlə bağlı BMT-dən faktaraşdırıcı komissiyanın yaradılmasını tələb etmək lazımdır: “Bu problem BMT tərəfindən tam araşdırılmalı və nəticələr əldə olunduqdan sonra qərarlar qəbul edilməlidir”.

 

Sonda DQMM adından Dağlıq Qarabağ münaqişəsinə dair sənəd qəbul edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR