Bakı. Etibar Məmmədov - APA. Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti yığıncağı keçirilib.
DQMM-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, qəbul olunmuş qərarların icra vəziyyəti və cari məsələlər müzakirə olunub.
İclasda ölkədə seçkiqabağı demokratik mühitin formalaşması üçün müxalifət qüvvələri arasında əməkdaşlığın perspektivləri bir daha müzakirə olunub və demokratik qüvvələrin birgə hərəkat strategiyasının işlənib hazırlanmasının vacibliyi haqqında qərar qəbul edilib.
Toplantıda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Məşvərət Məclisinin keçirmək istədiyi kütləvi aksiyalara icazə verilməməsi pislənilib və bu barədə müzakirələr aparılıb.
Rumıniya parlamenti tərəfindən Xocalı soyqırımının tanınmasına münasibət bildirən iclas iştirakçıları bu addımı təqdir etdiklərini bildirib və demokratik dünyanın digər parlamentlərini də Azərbaycanın haqq səsini eşitməyə çağırıblar.
Xocalı soyqırımı ilə əlaqədar olaraq Məşvərət Məclisində təmsil olunan siyasi partiyaların fevralın 26-da Xocalı abidəsini ziyarət etməsi ilə də bağlı qərar qəbul olunub.