Bakı. Etibar Məmmədov - APA. “İctimai Palata ilə Məşvərət Məclisi arasında funksional əlaqə qurumu və ya işçi qrupu yaradılmalıdır”. Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
O, DQMM-nin İctimai Palataya (İP) əməkdaşlıq barədə ünvanladığı müraciətin qəbul edilməsini müsbət qiymətləndirərək, indiki vəziyyətdə demokratik qüvvələrin birliyinin zəruri olduğunu qeyd edib: “Müraciətimizə gec də olsa, cavab verildi və biz bunu yüksək qiymətləndiririk. Bic İctimai Palata ilə bütün formatlarda əməkdaşlığa hazırıq. Yəqin ki, bu məsələ ikitərəfli müzakirələrdən sonra mümkün olacaq. Daimi fəaliyyət göstərən əməkdaşlıq mərkəzi təklif edə bilərik”.
DQMM üzvü Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər isə İctimai Palata ilə əməkdaşlığın 3 variantını təklif edib: “Birincisi, biz qurumlararası bir koordinasiya qurumu yarada bilərik. Sonra qurumlarüstü bir qurum yarada bilərik və yaxud əgər İctimai Palata, Ziyalılar Forumu və digər qurumlar bunlara hazır deyilsə, biz hər hansı məsələ ətrafında funksional əməkdaşlıq edə bilərik. Düşünürəm ki, biz hər üç əməkdaşlıq variantına hazırıq”.