APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, Milli Şura ideyasının reallaşdırılması təşəbbüsü ilə çıxış edən Rüstəm İbrahimbəyovun danışıqların gedişi ilə bağlı verdiyi son açıqlamalara baxmayaraq, proses yenə də qapalı və dar çərçivədə davam etdirilir: “DQMM bir daha bəyan edir ki, danışıqların dar çərçivədə, üçlü formatda və qapalı davam etdirilməsi Milli Şura ideyasının reallaşdırılmasına deyil, müxalifətin parçalanmasına, yenidən qruplaşmasına aparır və nəticə etibarı ilə hakim rejimin maraqlarına xidmət edir”.
DQMM bəyanatda ölkənin bütün demokratik qüvvələrini vaxt itirmədən geniş tərkibli təşkilat komitəsinin yaradılmasına dəstək verməyə, danışıqları intensivləşməyə, prosesi açıq və şəffaf aparmağa çağırıb: “Yaradılacaq geniş birlik ictimai və siyasi baxımdan legitim olmalı, bunun üçün də geniş əsaslarla yaradılmalı, cəmiyyətin ümumi maraqları şəxsi və qrup maraqlarına qurban verilməməlidir”.