Bakı. Etibar Məmmədov - APA. “Demokratik Qüvvələrin Məşvərət Məclisi və İctimai Palatanın aksiyalarda birgə iştirakı müzakirə olunacaq”. Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, AMİP sədri Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, DQMM müxalifətin geniş formatda hər hansı qanun layihəsi ətrafında, yaxud ictimai-siyasi vəziyyətlə əlaqədar bir mövqedən çıxış etmək istəyini müsbət qiymətləndirir: “Bu, hal hazırda müzakirə mövzusu ola bilər və bizim növbəti yığıncağımızda müzakirəyə çıxarılacaq. Düşünürəm ki, gələcəkdə Məşvərət Məclisi və İctimai Palatanın birgə aksiyalar keçirmək məsələsi reallaşa bilər”.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusubov isə bildirib ki, müxalifət düşərgəsində olan ayrı-ayrı qurumların bir-birinin aksiyalarına mənəvi-siyasi dəstək verməsi haqqında bəyanatlar var və Məşvərət Məclisi ilə əməkdaşlıqda aksiyalarda birgə iştirak istisna edilmir: “Bundan sonrakı dövrdə münasibətlərin yaxşılaşması istiqamətində addımların atılması və həmçinin kütləvi aksiyalarda birgə iştirakın mümkün olacağı fikrindəyəm”.