Bakı. Etibar Məmmədov - APA. “ALP, ACP və KXCP Milli Şuraya qoşulandan sonra Məşvərət Məclisinin iclaslarında iştirak etmirlər. Qurumun əsasnaməsinə uyğun olaraq həmin partiyalar 3 dəfədən artıq iclaslarda iştirak etmədiklərinə görə Məşvərət məclisindən çıxmış hesab olunurlar”. Bu açıqlamanı APA-ya Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc verib.
O qeyd edib ki, DQMM-in üzvü olan Azərbaycan Liberal Partiyası (ALP), Açıq Cəmiyyət Partiyası (ACP) və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuraya qoşulandan sonra Məşvərət Məclisinin iclaslarında iştirak etmirlər. DQMM üzvü hesab edir ki, partiyaların qurumdan çıxmaq barədə qəti mövqeyinin olmaması qoşulduqları Milli Şuraya olan inamsızlıqdan yaranır: “Yəni Milli Şuranın fəaliyyət göstərib-göstərməyəcəklərinə şübhə ilə yanaşırlar. Arxayın olsalar ki, Milli Şura fəaliyyət göstərəcək, yəqin ki, o halda Məşvərət məclisindən çıxacaqlar”.
Məsələ ilə bağlı KXCP sədrinin müavini Xəzər Teyyub APA-ya deyib ki, partiya müəyyən üzrlü səbəblərdən iclaslarda iştirak etməyib: “Partiyanın Məşvərət Məclisində təmsilçiliyi davam edir. Müəyyən səbəblərdən iştirak etməyə bilərik. Amma qurumdan çıxmamışıq və bu niyyətdə deyilik”.
ACP sədri Sülhəddin Əkbər APA-ya açıqlamasında bildirib ki, Məşvərət Məclisi ilə tərəfdaşlıqda maraqlıdır. Qurumun iclaslarında hansı səbəbdən iştirak etmədikləri məsələsinə gəlincə, S.Əkbər bu suala cavab verməkdən imtina edib.
ALP sədri Əvəz Temirxan isə APA-ya deyib ki, DQMM-in yığıncaqları Milli Şuranın sessiyası ilə eyni vaxta təsadüf etdiyindən, yığıncaqda iştirak edə bilmir.