APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP-ın icra katibi, partiya sədrinin müavini Əli Əhmədov bildirib ki, görüşün keçirilməsində məqsəd qarşıdan gələn prezident seçkilərinin yüksək səviyyədə keçməsi üçün fikir mübadiləsi aparmaq və tövsiyələr verməkdir. Ə. Əhmədov qeyd edib ki, seçicilərin mütləq əksəriyyəti prezident İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir və bu ciddi əsaslara malikdir: “İnsanlar 10 il ərzində bu siyasətə öz dəstək və qiymətini veriblər. Bu illər ərzində Azərbaycanda bütün sahələr inkişaf edib. Ölkəmiz ən dinamik inkişaf edən ölkə imicini qazanıb və bu gün də bu imici saxlamaqdadır. Beynəlxalq aləmdə Azərbaycanın mövqeyi güclənib. Eyni zamanda vətəndaşlarımızın sosial rifahı əhəmiyyətli dərəcədə dəyişilib. Əgər 10 il bundan əvvələ qayıtsaq, bu əhəmiyyətli dəyişikliyi görərik”.
Onun sözlərinə görə, hazırda Azərbaycan vətəndaşları yeni həyat standartlarına uyğun yaşayır: “Əgər əvvəllər insanlar yaşamaq uğrunda düşünürdülərsə, bu gün isə daha yaxşı yaşamaq haqqında düşünürlər. Onların arzularını daha yaxşı yaşamaq məfhumları təşkil edir. Bu o deməkdir k, dövlət insanın yaxşı yaşaması üçün tədbirlər görür. İnsanların həyat tələbatları əhəmiyyətli dərəcədə zənginləşib. Bu İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticəsidir”.
Sonra iclas mətbuatın iştirakı olmadan davam etdirilib.